Füzuli. Aslan Məmmədli - Trend:
44 günlük Vətən Müharibəsi dövründə işğalçı Ermənistan ordsunun raket və artilleriya zərbələri nəticəsində dağıdılmış mülki evlərin və obyektlərin bərpası demək olar ki, tam aradan qaldırılıb. Artıq əksər ev və obyektlər əvvəlkindən də yaxşı vəziyyətdə bərpa edilərək sahiblərinə təhvil verilib.
Trend-in Qarabağ bürosunun çəkiliş qrupu bu dəfə Füzuli və Cəbrayıl rayonlarında olub, vətəndaşların yeni evlərindəki şəraitlə maraqlanıb. Ev və obyekt sahibləri bildiriblər ki, müharibə başa çatar-çatmaz dövlət qurumları dərhal təmir bərpa işlərinə başlayıb, sürətlə davam edən işlər artıq yekinlaşıb.
Əksər insanlar müasir şəraitli evlərinə köçüblər. Hazırda çox az sayda bina və ya ev qalıb ki, onlarda da son tamamlama işləri aparılır. Çəkiliş qrupumuzla söhbət edən vətəndaşlar dövlətin onlara göstərdiyi bu diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər. Bildiriblər ki, Azərbaycan dövlətini hər an yanınlarında hiss edirlər və buna görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini çatdırırlar.
Qeyd edək ki, erməni terroru nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digər tikililər üzrə görülən işlərin də ən qısa zamanda tamamlanaraq sakinlərə təhvil verilməsi, həmin ərazilərdə yaşayan əhalinin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr səfərbər edilib.
Füzuli və Cəbrayıl rayonlarından hazırlanan videoreportajı təqdim edirik.