Bakı. Trend:
Azərbaycan Respublikası prezidenti martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdə 6 apreldə keçirilməsi planlaşdırılan Brüssel görüşü barəsində öz pozitiv gözləntilərini belə ifadə etmişdir: “Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək".
6 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə 4 saatdan artıq davam edən danışıqların yekunlarına diqqət yetirsək, ölkəmizin başçısının gözləntilərinin tam olaraq özünü doğrultduğunu müşahidə edə bilərik.
Millət vəkili Tamam Cəfərova Trend-ə açıqlamasında belə deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru, dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Nəticə etibarı ilə Azərbaycanın gündəliyi Brüssel görüşündə tam olaraq təmin edilmişdir və Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində real şanslar yaranmışdır. Azərbaycanın tarixi Qələbəsilə başa çatmış Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Yəni, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır.
Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni
geosiyasi reallığı qəbul edir və öz mövqeyinin
müəyyənləşdirilməsində də məhz yaranmış yeni reallığa
əsaslanır.
Danışıqların yekunlarına toxunan millət vəkili Avropa İttifaqı
Şurasının prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatın əsas
məqamlarına diqqət çəkmişdir. Sənədin özəyini Ermənistanla
Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və
bununla bağlı işçi qrupun yaradılması təşkil edir. Bu məqsədlə
xarici işlər nazirlərinə sülh müqaviləsinə hazırlıq işləri ilə
məşğul olmaq tapşırığı verilib. Sülh razılaşmasının əsas komponenti
Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun
əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə
əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Müşahidə etdiyimiz kimi
liderlər tərəfindən əldə edilən razılığın praktiki reallaşması üzrə
iş artıq başlayıb.
İkinci yerdə əhəmiyyətinə görə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əldə edilən razılaşma durur. Bu razılaşma aprelin sonuna qədər birgə sərhəd komissiyasının çağırılmasını nəzərdə tutur. Razılığa görə komissiyanın mandatına ikitərəfli sərhədin delimitasiyanın həyata keçirilməsi, sərhəd boyunca və sərhəd yaxınlığında təhlükəsizliyin stabil vəziyyətinin təmin edilməsi kimi məsələlər daxildir.
Sənədin digər vacib tərəfi liderlərin tərəflər arasında və geniş mənada Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpa edilməsi üzrə razılıq əldə etməsidir. Prezident Mişel dəmir yol xətlərinin bərpa edilməsi üzrə addımları alqışlayaraq, avtomobil əlaqəsinin bərpa edilməsinə çağırış etmişdir. Avropa İttifaqı tərəfləri kommunikasiyaları açmağa çağırmaqla kifayətlənmir. Bəyanata görə Aİ əlaqə kanallarının inkişafını İqtisadi və İmvestisiya planı və ümumi layihələrin müəyyən edilməsi üçün İqtisadi məşvərətçi forumu vasitəsilə dəstəkləməyə hazırdır.
Bəyanatın vacib məqamlarından biri də humanitar xarakterli məsələlər idi. Humanitar sahədə ölkəmizi maraqlandıran məsələlər ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslər problemi idi. Ermənistan öz növbəsində öz hərbçilərinin geri qaytarılmasında maraqlı idi. Azərbaycan üçün çox vacib olan mina problemində Avropa İttifaqı ekspert konsultasiyaları və maliyyə yardımının artırılması formasında Azərbaycana dəstək göstərəcəyini bəyan edir. Bəyanatda, həmçinin münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın ediləcəyi, reabilitasiya və rekonstruksiya layihələrinin gerçəkləşəcəyi qeyd edilir.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, 44 günlük müharibədən sonra münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində və Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Brüssel platforması yaxın gələcəyin reallığıdır.
Tamam Cəfərova qeyd edib ki, Bəyanatda, həmçinin 2020-ci il 10
noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına tam riayət etmə
zərurəti təsdiqlənir. Vurğulayaq ki, Ermənistan razılaşmanın
qanunsuz silahlı qüvvələrin çıxarılması və Zəngəzur dəhlizinin
açılması ilə bağlı müddəalarını icra etməkdən boyun qaçırır.
Ermənistanın qeyri-konstruktiv davranışı onun xarici havadarlara
güvənməsi ilə izah olunurdu. Lakin Ş.Mişelin timsalında Aİ-nın 10
noyabr razılaşmasının tam icra edilmə zərurətini vurğulaması
Ermənistanı bu məsələdə arxalandığı qüvvələrdən birinin dəstəyindən
məhrum edir.
Deputatın fikrinə görə, Bəyanatın məzmunu Cənubi Qafqazda stabil
vəziyyətlə regionun Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı
arasında düz mütənasib əlaqənin mövcud olmasından xəbər verir.
Avropa İttifaqı yaxşı dərk edir ki, Rusiya ilə qlobal geosiyasi
qarşıdurma və enerji resurslarına qiymətlərin yüksək olması
kontekstində alternativ enerji mənbələrinin əhəmiyyəti dəfələrlə
artır. Hal-hazırda Aİ Rusiya enerji resurslarından intensiv imtina
etmə planı üzərində işləyirlər. Planın özəyini karbohidrogen
resurslarla zəngin ölkə və regionlarla yüksək səviyyəli
əməkdaşlığın qurulması təşkil edir. Belə regionlardan biri Xəzər
hövzəsidir. “Burda biz çox vacib bir nəticəyə gəlirik: enerji
resurslarının Avropaya təhlükəsiz çatdırılması hal-hazırda Avropa
ittifaqının həyati-vacib marağıdır. Bu həyati-vacib marağın
reallaşdırılması isə Cənubi Qafqazda sülh və stabilliyin təmin
edilməsindən keçir. Beləliklə, Avropa İttifaqının son aylar
regionda sülh quruculuğu işlərində xüsusi marağını bu geosiyasi
kontekst çərçivəsində izah etmək olar. Digər tərəfdən unutmayaq ki,
Xəzər hövzəsi Azərbaycandan savayı həmçinin neft və qaz ilə zəngin
Qazaxıstan və Türkmənistanı da özünə daxil edir. Perspektivdə bu
iki ölkənin də Avropanın enerji təhlükəsizliyində iştiraka cəlb
edilməsi Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin həll
edilməsini tələb edir. Xatırladaq ki, Brüssel görüşündən az əvvəl
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə dördtərəfli Transxəzər
Nəqliyyat Dəhlizinin açılması haqqında saziş imzalayıblar. Bu Xəzər
dənizi - Qara dəniz höfzəsinin siyasi-iqtisadi çəkisinin artmasının
əyani sübutudur. Regionun əhəmiyyətinin artması ilə isə Avropa
İttifaqının regiona diqqəti düz mütənasib əlaqədə yüksəlir. Lakin
qeyd etdiyimiz kimi bütün layihələrin uğur dərəcəsi regional
məsələlərin nizamlanmasından çox asılıdır”, - Millət vəkili Tamam
Cəfərova deyib.