Bakı. Trend:
Fransa Senatının qəbul etdiyi qətnamə riyakarlığın, yalanın və ikiüzlülüyün növbəti nümunəsidir. Bütün bəşəriyyət həmin qətnaməni qınamalı, pisləməli, Fransaya öz etirazını bildirməlidir. Niyə? Çünki Fransa bu addımı ilə bir daha sübut etdi ki, terrorçu Ermənistanın yanındadır, ədalətdən uzaqdır və hər şeyə yalnızca öz bəsit, yırtıcı, nadan prizmasından baxır.
Bunu çərşənbə axşamı Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
O qeyd edib ki, Fransa senatının qəbul etdiyi qətnamədəki bütün məsələlər və tələblər əsassızdır, absurddur.
"Erməni dostu olan və erməni diasporasından qidalanan insanların təşəbbüsü və müəllifliyi ilə reallaşan həmin qətnamə başdan ayağa, birinci cümlədən sonuncu cümləyə qədər yalan və iftiradan ibarətdir.
Fransa bizi nədəsə ittiham edənə qədər gedib öz törətdiyi cinayətlərin cavabını versin. Ələlxüsus da, Əlcəzairə qarşı elədiklərinin. Bu terrorçu xislətə sahib dövlət unutmasın ki, onun üzərində 1 milyon yarımdan çox əlcəzairlinin qanı var. Və 132 il ərzində bu qədər qətl və soyqırım aktları törədən Fransa hələ də həmin cinayətlərə görə cavab verməyib. Amma təbii, zamanı gələndə verəcək. Mütləq verəcək!", - deyə deputat əlavə edib.