Bakı. Trend:
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrə şəhərinə
səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
prezidenti Miryana Spolyariç Egger ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş
zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq, bölgədə
post-münaqişə dövründə humanitar məsələlər və Laçın yolu ətrafında
vəziyyət müzakirə olunub.
Nazir müavini Elnur Məmmədov Laçın yolundan sui-istifadə də daxil
olmaqla Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı
həyata keçirilən və 75 gündən artıq davam edən etirazlar dövründə
BQXK ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib.
BQXK şahid olduğu kimi, Laçın yolunun guya Azərbaycan tərəfindən
bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və
“humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir
əsasının olmadığını vurğulayıb. BQXK-nın ərazidə fəaliyyət
göstərməsinin, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə
etməsinin buna sübut olduğu bildirilib.
Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət
rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və
ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır
olduğu nazir müavini tərəfindən diqqətə çatdırılıb.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran
ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.