...

Bakı bu qanunsuzluğa dözmək niyyətində deyil - "Humanitar" adı altında silah daşıyanlar... (VİDEO)

Siyasət Materials 11 İyul 2023 12:45 (UTC +04:00)
Bakı bu qanunsuzluğa dözmək niyyətində deyil - "Humanitar" adı altında silah daşıyanlar... (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılmışlar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, humanitar missiya yerinə yetirməli olan BQXK-nin bu cür qanunsuz əməllərə yol verməsi təəssüf doğurur.

“Azərbaycan humanizm dəyərlərinə sadiq qalaraq BQXK-ya məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən dövlət sərhədindən rahat hərəkəti üçün şərait yaradıb. Lakin BQXK öz missiyasına uyğun olmayan və adına yaraşmayan hərəkət edir, Azərbaycanın humanistliyindən və etimadından sui-istifadə edərək pozuculuq fəaliyyəti ilə məşğul olur. Eyni zamanda BQXK bu cür davranışları ilə Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozur”, - deyə o qeyd edib.

Deputatın fikrincə, BQXK-nin uzun müddətdir bu cür qeyri-qanuni fəaliyyət göstərməsi, qaçaqmalçılıqla məşğul olması istisna deyil. “Eyni zamanda BQXK-nin Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşımadığına da heç kim zəmanət verə bilməz. BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşlarının, o cümlədən Azərbaycana olduqca mənfi münasibət bəsləyən şəxslərin olması bu ehtimalları daha da artırır. Eyni zamanda həm Vətən müharibəsi dövründə BQXK-nın Azərbaycana qarşı pis mövqeyi, bu təşkilatın nümayəndələrinin ermənipərəst mövqeyi də heç kimə sirr deyil. Bu baxımdan bu təşkilatın bundan sonra da Azərbaycan ərazisində bu cür qanunsuz əməllər törətməsinə imkan vermək olmaz. Hesab edirəm ki, dövlətimiz vəziyyətə uyğun olaraq lazımi addımlar atılmalıdır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, BQXK-nin bu cür qanunsuz əməlləri qəbuledilməzdir və göstərir ki, onlar Azərbaycan ərazisində olan separatçılara qaçaqmalçılıq yolu ilə dəstək göstərirlər.

“Əlbəttə ki, bu qanunsuz əməllər BQXK-ə olan etimadı dərindən sarsıdır və onların humanitar missiyasını şübhə altına alır. Əlbəttə Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi addımlar atıb, qaçqamalçılıq yolu ilə daşınan avadanlıqlar sınədləşdirili və əlbəttə ki, buna hüquqi qiymət veriləcək. Azərbaycan öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addımlarını davam etdirəcək. çünki Azərbaycan öz ərazisində bu cür qanunsuz fəaliyyətə yol verə bilməz”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, BQXK-ya aid nəqliyyat vasitələrində “Laçın” dövlət sərhədindən qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır.

Qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti