...

Qızıl Aypara Cəmiyyəti olduğu halda BQXK-nin Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur

Siyasət Materials 23 Avqust 2023 17:47 (UTC +04:00)
Qızıl Aypara Cəmiyyəti olduğu halda BQXK-nin Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi, fəaliyyətdə olduğu digər ölkələrdən fərqli olaraq, Azərbaycan ərazilərindəki fəaliyyətini, nəinki beynəlxalq hüququ norma və prinsiplərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə, hətta elan etdiyi prinsiplərə uyğun qura bilməyib, yaxud qurmaq istəməyib.

Xankəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləri hesab olunduğuna baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı bu kiçik ərazisində fəaliyyət göstərən təsisatı, sözügedən komitənin Azərbaycandakı nümayəndəliyinə deyil, Cenevrədə yerləşən mərkəzi ofisinə tabedir. Bu beynəlxalq təcrübədə rast gəlinməmiş, hüquqa və sağlam məntiqə zidd, qərəzli və bölücü bir yanaşmadır, əsla sülhə və dinc birgəyaşayışın təmin edilməsinə xidmət etmir.

Müqayisə üçün qeyd edim ki, məsələn, Beynəlxalq Qızıl Xaç Komitəsinin Moldovanın separatçı Dnestryanı bölgəsində fəaliyyət göstərən ofisi Kişinyovda fəaliyyət göstərir. Beynəlxalq Qızıl Xaçın Moldova nümayəndəliyinin rəhbərinin və əməkdaşlarının son bir neçə ay ərzində Dnestryanı bölgəyə səfərləri, komitənin separatçı bölgədəki əməkdaşları və tibb işçiləri üçün məşğələlər təşkil etməsi də bunu sübuta yetirir.

Bununla yanaşı, son illər Beynəlxalq Qızıl Xaç Komitəsinin dünyanın müxtəlif ölkələrində yerləşən ofislərinin fəaliyyətində nəzərə çarpan neqativ hallar, komitənin reputasiyasına ciddi zərbə vurub. Belə ki, komitənin yaxın “tarixində” “Beynəlxalq Qızıl Xaç Komitəsi” adından istifadə etməklə offşor şirkətlərinin qeydə alınmasından, əməliyyatların bemefisiarlarının əldə edilməsindən humanitar yardımların, hətta uşaq oyuncaqlarının satılmasından, dələduzluğa, ştat cədvəlinin süni şəkildə şişirdilərək donorların ayırdığı vəsaitlərin mənimsənilməsinə kimi çoxsaylı cinayətlər yer alıb.

Panamada fəaliyyət göstərən "Mossack Fonseca” adlı hüquq şirkətinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işbirliyinə gedərək, Komitənin adından ofşor şirkətlərini qeydiyyata aldırması və bu şirkətlərdən çirkli pulların yuyulmasında istifadə olunması Qızıl Xaçın rəngini və üzünü qaraldan hadisələrdən sadəcə biridir.

2016-cı ildə Ukraynada, bu ölkənin media resurslarının apardığı araşırmalar Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbər şəxslərinin humanitar yardımları satması, ödənişli tibb kursları açaraq qanunsuz yollarla pul qazanması və digər korrupsiya, mənimsəmə faktlarını ortaya çıxarmışdı.

2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə üçün ayrılan vəsaitin 5 milyon dolları da Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının “zavalına” gəlib.

İstintaq müəyyən edib ki, Liberiyada proqram həddindən artıq şişirdilib, qiymətli alışlar həyata keçirilib və qondarma işçilərə əmək haqqı ödənilib. Nəticədə 2,7 milyon dollar oğurlanıb.

Syerra-Leonedə təhqiqatlarçılar BQXK əməldaşları ilə yerli bankirlər arasında 2 milyon dollarlıq “sövdələşmə”nin olduğunu aşkarlayıblar. Qvineyada saxta gömrük hesab-fakturaları ilə təxminən bir milyon dolların mənimsənildiyi aşkarlanıb.

Bütün bunlar, həmçinin Beynəlxaq Qızıl Xaç Komitəsinin əməkdaşlarının Laçın yolu ilə Azərbaycan ərazisinə qaçaqmal keçirmək cəhdinin ifşası, bu təsisata etimad göstərilməsi üçün heç bir əsas qoymur. Bu sıraya itkin düşmüş hesab edilən azərbaycanlıların taleyi ilə bağlı, təxminən 30 il ərzində Beynəlxalq Qızıl Xaçın fəaliyyətsizliyi, Ermənistanın antihumanist davranışlarına münasibətdə heç bir addım atmamaları, bu qurumun birtərəfli mövqeyinin bariz nümunəsi sayıla bilər.

Digər tərəfdən, Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərdiyi halda, Qızıl Xaç Komitəsinin mövcudluğu heç bir məntiqə sığmır. Məlum olduğu kimi, Qızıl Xaç Komitəsi 1990-cı illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, bir milyondan artıq qaçğın və məcburi köçkünlə bağlı yaranmış humanitar fəlakət səbəbindən ölkəmizə ayaq açmışdı. Bu illər ərzində göstərdiyi fəaliyyətin “nəticələri” də ortalıdadır. Ermənistan indiyədək azərbaycanlı itkin düşmüş şəxslərin taleyinə heç bir aydınlıq gətirməyib, Qızıl Xaş Komitəsi də bu barədə “müdrikcəsinə” susub.

Digər tərəfdən, hazırda Azərbaycan nəinki özünü təmin edir, hətta digər ölkələrə də yardımlar göstərir. Bunu pandemiya dövründə və dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə baş verən təbii fəlakətlər zamanı Azərbaycanın dövlət səviyyəsində göstərdiyi yardımlar, Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin verdiyi dəstək də sübuta yetirir.

1997-ci il Sevilya razılaşmasına 2022-ci ildə razılaşmaya edilmiş müvafiq əlavələrə əsasən, qırmızı Xaç və Qızıl Aypara təşkilatları hər hansı ölkədə təmsil olunursa, həmin ölkələrdə fəaliyyətlərini əlaqələndirilmiş formada həyata keçirməlidirlər. Əslində, bu razılaşma sözügedən təsisatların tərəfsizliyini və yalnız humanitar prinsiplərdən çıxış etdiyini göstərən əsas amildir.

Amma Qızıl Xaçın Bakıda və Xankəndidə fəaliyyət göstərən ofisləri fəaliyyətlərini nəinki Qızıl Aypara ilə əlaqələndirmir, hətta irəli sürülən təşəbbüslərə də etinasız yanaşırlar.

Məlum olduğu kimi, Prezident İlham Əliyev xarici dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların, eləcə də dünyanın müxtəlif ölkələrindən olan media təmsilçiləri ilə təmaslarında Beynəlxalq Qızıl Xaç Komitəsinin hüquqa zidd davranışları, eləcə də komitənin itkin düşmüş azərbaycanlıların talelərinə biganə yanaşması ilə bağlı davamlı olaraq, məsələ qaldırır, yaranmış vəziyyətin beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayır.

Yaranmış vəziyyət, Beynəlxalq Qızıl Xaç Komitəsinin, bütövlükdə Azərbaycan ərazisində fəaliyyətinə ehtiyac duyulmadığını, Qızıl Aypara Cəmiyyətinin bütün humanitar məsələləri, yüksək peşəkarlıqla həll etmək iqtidarında olduğunu təsdiqləyir.

Elçin Mirzəbəyli Siyasi şərhçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti