...

Regiondan uzaq olan Fransa öz maraqlarını diktə etməyə çalışır - Soltan Məmmədov

Siyasət Materials 11 Yanvar 2024 16:37 (UTC +04:00)
Regiondan uzaq olan Fransa öz maraqlarını diktə etməyə çalışır - Soltan Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bu gün regionda baş verən proseslər, Azərbaycanın əldə etdiyi uğurlar bir daha təsdiq edir ki, bizim ölkəmizlə təzyiq və təhdid dili ilə danışmaq mənasızdır. Təəssüf ki, uzun müddət ərzində sıx tərəfdaşlıq etdiyimiz Fransa məhz bu yolu seçdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, münasibətlərdə soyuqlaşmanın təşəbbüskarı Azərbaycan olmayıb, əksinə, rəsmi Bakı hər zaman ikitərəfli əlaqələrdə açıq, səmimi və obyektiv mövqedən çıxış edib.

"Fransa xüsusilə Vətən müharibəsindən sonra Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Ölkəmiz əleyhinə rəy formalaşdırmaq, beynəlxalq səviyyədə sanksiyaların qəbul edilməsinə nail olmaq üçün bütün imkanlarını səfərbər edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Fransanın regionla bağlı siyasətində balans artıq İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu. Lakin müharibədən sonra bu daha qabarıq şəkildə özünü biruzə verməyə başladı. Bugünkü nəticələr, Cənubi Qafqazda geosiyasi vəziyyət, yeni formalaşmış təhlükəsizlik konfiqurasiyası onu deməyə əsas verir ki, bu siyasət Fransaya uğur gətirmədi. Əksinə, Makron hökumətinin yol verdiyi səhvlər Cənubi Qafqaza təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi", - deyə S. Məmmədov əlavə edib.

Millət vəkili vurğulayıb ki, yaxın dövrün təcrübəsi və hazırda regionda gedən proseslər aydın şəkildə göstərir ki, Azərbaycanın iştirakı və ya töhfəsi olmadan bu bölgədə ciddi layihələr həyata keçirmək, gündəlikdə duran hansısa məsələlərin həllinə nail olmaq mümkünsüzdür: “Bu yalnız ölkənin təbii resursları, iqtisadi imkanları, hərbi potensialı və digər göstəriciləri ilə bağlı deyil. Azərbaycan özünü beynəlxalq münasibətlər sistemində stabil, etibarlı tərəfdaş kimi təsdiq edib. Bizim ölkəmiz fəal və tamamilə praqmatik hesablamalara əsaslanan xarici siyasət yürüdür. Öz maraqlarımızı ən yüksək səviyyədə qorumağa, eyni zamanda tərəfdaşlarımızın da maraqlarını nəzərə almağa imkan verən xarici siyasət strategiyamız mövcuddur. Prezident İlham Əliyevin müəyyən etdiyi bu strategiya son illərdə əldə etdiyimiz bütün uğurların ən başlıca səbəbidir”.

S.Məmmədov qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz xalqlarının taleyi ilə bağlı məsələlərin məhz region ölkələri tərəfindən həll edilməsinin tərəfdarıdır və bunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Regiondan uzaq olan Fransa isə burda öz maraqlarını diktə etməyə çalışır ki, bu da praktik baxımdan mümkünsüz və faydasızdır: “Yalnız bizim regionumuzda deyil, ümumilikdə beynəlxalq aləmdə baş verən bir çox hadisələr onu göstərir ki, bəzi böyük dövlətlər, o cümlədən də Fransa dünyada və Cənubi Qafqazda baş verən dəyişiklikləri düzgün qiymətləndirə bilmirlər. Bu yanlış qiymətləndirmələr nəticə etibarilə həmin ölkələrin qarşılaşdığı uğursuzluqların əsas səbəbidir. Azərbaycanın isə gələcəklə bağlı aydın strategiyası, dəqiq hesablamalara əsaslanan planları var. Hesab edirəm ki, cənab Prezidentin də müsahibəsində qeyd etdiyi kimi, ərazi bütövlüyümüzü təmin etdikdən sonra Azərbaycan üçün yeni bir dövr başlayır. Əminəm ki, biz birliyimiz və dövlətimizin gücü sayəsində yeni hədəflərimizə də nail olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti