...

TDT artıq güc mərkəzi statusunu qazanır - ŞƏRH

Siyasət Materials 7 Noyabr 2024 14:14 (UTC +04:00)
TDT artıq güc mərkəzi statusunu qazanır - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının məramı türk coğrafiyasını ideoloji, siyasi, mədəni və hərbi cəhətdən birləşdirmək strategiyasına əsaslanır.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov açıqlamasında deyib.

A.Kərimov TDT-nin Bişkekdə keçirilən 11-ci Zirvə görüşünə diqqət çəkərək bildirib ki, təşkilat beynəlxalq və regional oyunçuların vasitələrini, bölgəyə olan maraqlarını sınaqdan keçirərək gələcək üçün strategiya qurur.

“TDT müntəzəm olaraq regionda qorxutma aktı yaratmaq istəyən güclərin mövqelərini balanslaşdıraraq alternativ əməkdaşlıq platforması kimi qiymət qazanır. TDT regionda böyük müharibələrə və genişmiqyaslı eskalasiyalara səbəb ola biləcək hadisələrə qarşı preventiv alternativlər təqdim edir”,- deyə A.Kərimov əlavə edib.

Siyasi ekspertin fikrincə, TDT artıq güc mərkəzi statusunu qazanır və bunu iqtisadi, siyasi, ticari və hərbi əsaslarla irəliyə aparır.

“TDT-nin güc dinamikasındakı yerini yuxarı pilləyə qaldırması bu təşkilata olan strateji sərmayələri qiymətləndirməyə imkan yaradır. TDT bu mənada “Böyük oyun” qaydalarında əhəmiyyətli manevr qabiliyyəti kimi təsvir oluna bilər”, - deyə A.Kərimov fikrini yekunlaşdırıb.

Politoloq Fuad Məmmədov bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaranması, bu dövlətlər arasında birliyi və birgə hərəkət etməyi təşviq etmək məqsədini güdür.

"Son illərdə TDT-nin strateji əhəmiyyəti artmış, qlobal siyasətdə və iqtisadiyyatda yeni güc mərkəzi kimi önə çıxmağa başlayıb.

TDT-nin inkişafı, xüsusilə son onillikdə qlobal geosiyasi dəyişikliklərlə paralel gedir. Qlobal güc mərkəzlərinin dəyişməsi, yeni böhranlar və dünya iqtisadiyyatının şaxələnməsi TDT-nin əhəmiyyətini artırıb. Bir tərəfdən, ABŞ və Avropa İttifaqı ilə yanaşı, Çin və Rusiya kimi güc mərkəzləri də TDT-nin üzv ölkələri ilə əməkdaşlığa maraq göstərir. Bu dinamikada TDT, həm regional, həm də qlobal siyasətdə iştirakını artırır.

Təşkilat, türk dilində danışan ölkələr arasında ortaq maraqlar və tarixə dayanan əlaqələri birləşdirərək, Avrasiyanın mərkəzində güc balansını qorumağa çalışır. Bununla yanaşı, TDT, üzv dövlətlər arasında iqtisadi əlaqələri gücləndirmək və siyasi sabitlik təmin etmək məqsədini güdür.

Türk dünyası, zəngin təbii ehtiyatları, böyük əhali sayı və strateji coğrafi mövqeyi ilə qlobal iqtisadiyyatda mühüm rol oynayır. TDT-nin üzv dövlətləri, dünya iqtisadiyyatında böyük potensiala sahibdir", - o əlavə edib.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq və ticarət: TDT çərçivəsində ticarət və iqtisadi əməkdaşlıq getdikcə artmaqdadır.

"2021-ci ildə Türk Dövlətləri Təşkilatının ticarət həcmi 30 milyard dolları keçmişdir və bu rəqəmin yaxın gələcəkdə daha da artması gözlənilir. TDT ticarət mübadiləsinin asanlaşdırılması üçün ortaq bazarların yaradılması və nəqliyyat layihələrinin inkişafı üzərində işləyir.

Türk dövlətləri həm də sərmayə qoyuluşları və iqtisadi inkişaf üçün ortaq proqramlar həyata keçirir. Bu, regionun inkişafına ciddi təsir göstərir. Üzv ölkələr arasında sərbəst ticarət zonalarının yaradılması və yeni nəqliyyat dəhlizlərinin qurulması, iqtisadi inteqrasiyanın inkişafına təkan verir.

TDT gələcəkdə yeni qlobal güc mərkəzlərindən birinə çevrilə biləcək.

Nəticə olaraq TDT bir neçə fərqli sahədə əməkdaşlığı və inteqrasiyanı təşviq etməklə, dünya siyasətində yeni bir güc mərkəzi olmağa doğru gedir. Əgər TDT üzv ölkələr arasında daha sıx əməkdaşlıq və strateji əlaqələr qurarsa, bu təşkilatın gələcəkdə qlobal siyasətdə və iqtisadiyyatda mühüm rol oynaması qaçılmaz olacaq. TDT-nin inkişafı, həmçinin, Türk dünyasının qlobal arenada daha geniş təsir gücünə sahib olmasına imkan yaradacaq", - politoloq vurğulayıb.

Qeyd edək ki, noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti