Bakı. Trend:
Transplantasiyanın necə həssas mövzu olması, tənzimlənmədiyi təqdirdə hansı fəsadlara yol aça biləcəyi heç kəsə sirr deyil. Hüquqi cəhətdən düzgün tənzimlənməyən və ya qanunlara düzgün riayət edilməyən ölkələrdə orqanların “qara bazarı” formalaşır.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.
Onun sözlərinə görə, yalnız bu yolla münasibətlərin tərəfləri olan donor və resipiyentin hüquqları qorunur, kimlərin donor və ya resipiyent ola biləcəyi, hansı müəssisələrdə bunun həyata keçirilə biləcəyi, bu sahədə nəzarəti həyata keçirən qurumların fəaliyyəti, hansı məsuliyyət tədbirlərinin müəyyən edildiyi məlum olur:
“Hüquqi tənzimləmənin mövcud olmadığı şəraitdə istənilən sahədə yaranan ictimai münasibətlərdə, eləcə də müvafiq sahədə xaoslar və özbaşınalıqlar baş verər. Şəxslər hüquq normalarının boşluğundan istifadə edərək öz iradələrini asanlıqla həyata keçirər və bu zaman onlar heç nəyə görə məsuliyyət daşımaz”.
İ.Hacıyev sonda qeyd edib ki, insan sağlamlığı və həyatı üçün transplantasiya nə qədər vacibdirsə, dövlətimizin və xalqımızın firavan yaşaması üçün transplantasiyanın hüquqi cəhətdən tənzimlənməsi və düzgün həyata keçirilməsi o qədər vacibdir.