Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Zəfər Gününə həsr olunan təntənəli tədbir mərasimi keçirilib.
Tədbirdə UNEC kollektivi ilə yanaşı, şəhid ailələri, qazilər, əsgərlər, Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışından öncə iştirakçılar UNEC-in şəhid məzun və
tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin
önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla
yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra, tədbirin aparıcısı, Xalq
artisti Nurəddin Mehdixanlı Azərbaycanın parlaq qələbəsi ilə
nəticələnən Zəfər Günündən söz açıb. O, xalqımızın müzəffər Ali Baş
Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək,
səfərbər olduğunu, şanlı qələbə ilə bütün dünyaya öz gücünü,
mətinliyini və mübarizliyini nümayiş etdirdiyini diqqətə
çatdırıb.
UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq
Əsgərov Zəfər Günü münasibətilə universitet rəhbərliyi adından
iştirakçıları təbrik edib. O, Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi və şanlı ordumuzun şücaəti sayəsində 30 il işğal altında
olan əzəli torpaqlarımızın azad olunduğunu, Zəfər Gününü qalib
ölkənin vətəndaşları olaraq, böyük qürur hissi ilə qeyd etdiyimizi
bildirib. Ş.Əsgərov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda UNEC-in 48 nəfər tələbə və məzununun şəhid olduğunu diqqətə
çatdıraraq, onlardan 24 nəfərin Vətən müharibəsində, 3 nəfərin isə
antiterror əməliyyatında şəhidlik zirvəsinə ucaldığını deyib.
Sonra hərbi ekspert, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan
polkovnik Elxan Şıxəliyev, Vətən müharibəsi şəhidi Mürsəl
Kazımlının atası Kamil Kazımlı, UNEC-in tələbəsi, Vətən müharibəsi
qəhrəmanı Qəzənfər Ağayev çıxış ediblər. Çıxış edənlər Azərbaycanın
qələbəsinin yalnız hərbi zəfər deyil, həm də xalqımızın tarixi
qələbəsi olduğunu vurğulayıblar. Vətən müharibəsinin zəfərlə başa
çatmasının Azərbaycanın haqq mübarizəsinin, dünya birliyinə
göstərdiyi əzmin bariz nümunəsi olduğunu qeyd ediblər.
Zəfər Günü Heydər Əliyev adına Hərbi İnstitutun Orkestrinin qələbə əhval-ruhiyyəli konsert proqramı ilə davam edib.