Bakı. Trend:
Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Spiker Sahibə Qafarova deyib.
"Sabah xalqımız Zəfər Gününü qeyd edəcək. 4 il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub. 44 gün ərzində Qarabağ torpağında yüksəldilən bayrağımızla Azərbaycanın hüquqları bərpa edilib", - deyə o bildirib.
O bildirib ki, ərazi bütövlüyümüzün təmin olunması ilə Ümumilli Lider Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib.
“Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlayıb. 2023-cü ildə keçirilən bir günlük anti-terror əməliyyatı da hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycanın suverenliyi bütün torpaqlarımızda bərpa edilib. Bu əməliyyat Şanlı Zəfərimizin məntiqi davamı kimi qeyd edilib.
Azərbaycan xalqı və onun gələcək nəsilləri bu şanlı qələbə ilə daim fəxr edəcək. Hazırda bölgədə davamlı sül və sabitlik naminə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ən yüksək səviyyədə aparılır”, - deyə S.Qafarova bildirib.