Bakı. Trend:
Müasir dünyada cərəyan edən proseslər bir sıra reallıqlar yaradıb. Bu reallıqların mərkəzində isə məhz ölkələrin, o cümlədən ölkələrin cəm olduqları birliklərin təhlükəsizliyi məsələsidir. Hesab edirəm ki, noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü də bu baxımdan mühüm önəm kəsb edirdi.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat Zirvə görüşündə əsas müzakirə mövzularından birinin məhz müdafiə, hərbi, təhlükısizlik məsələlərində tərəfdaşlıqdan inteqrasiyaya doğru irəliləmə olduğunu deyib:
“Mən bu məqama keçməzdən öncə diqqəti TDT ilə bağlı digər məqama yönəltmək istəyirəm. Söhbət artıq qlobal məkanda güc mərkəzinə çevrilən TDT-nin yaranmasında Azərbaycanın oynadığı roldan gedir.
Təsadüfi deyil ki, bu təşkilatın əsası məhz Azərbaycanda, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə imzalanan Naxçıvan Sazişi ilə qoyulub. Cənab Prezident İlham Əliyev noyabrın 6-da -də Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında həmin məsələnin üzərində xüsusi olaraq dayanıb.
Dövlət başçısı bildirib: “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”. Bəli, bu danılmaz bir həqiqətdir ki, Azərbaycan TDT-nin hüquqi əsasının qoyulmasından bu günə kimi inamlı addımları ilə hər zaman fərqlənib”.
V.İskəndərovun sözlərinə görə, Bişkek zirvəsində diqqət mərkəzində olan digər bir məsəli isə təşkilatın müdafiə, hərbi, təhlükısizlik məsələlərində tərəfdaşlıqdan inteqrasiyaya doğru irəliləməsi oldu:
“Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında bu məsələnin üzərində də dayandı. Dövlət başçısı bəyan etdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.
Cənab Preizdentin də bəyan etdiyi kimi, ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Hesab edirəm ki, Bişkek zirvəsindən sonra bu istiqamətdə addımlar daha da intensivləşəcək. Çünki bu müasir qlobal dünyanın ortaya çıxardığı zərurətdir”.
Deputat Müşfiq Cəfərov isə bildirib ki, bu gün Azərbaycan Türk dünyasının tərəqqisinə xüsusi töhfələr verir:
"Hazırda beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər Türk Dünyasını daha mütəşəkkil olmağa çağırır. Ölkələrarası münaqişə, müharibə və qarşıdurmalar, bütün güc mərkəzlərində daxili çaxnaşma, parçalanma, bir-birinə inamsızlıq kimi hallar dünyadakı sabitliyi pozur. Zamanın girdabında öz prinsipalığını itirən, verdikləri vədləri unudan beynəlxalq təşkilatların əksinə, Türk dünyası gündən-günə daha sıx birləşir, daha qüdrətli olmaq üçün zamanın çağırışlarına uyğun addımlar atır. Bu prosesdə Azərbaycanın və cənab Prezident İlham Əliyevin qətiyyət və prinsipiallığı da böyük rol oynadı.
Təşkilatın üzv dövlətləri Zirvə görüşündəki çıxışlarında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açıb, dövlətimizin COP-29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsinin üstünlüyünü xüsusi olaraq vurğulayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ən mötəbər beynəlxalq tədbirlərdə bütün çıxışlarında Azərbaycanın Türk dünyası ilə əməkdaşlığa böyük önəm verdiyini dilə gətirir. Azərbaycan dövləti bu əməkdaşlığa önəm verməklə yanaşı, həm də təşkilatın gələcəyi üçün çoxsaylı töhfələr də verir.
TDT-nin dünya miqyasında güc mərkəzlərindən birinə çevrilmək üçün mükəmməl potensialı var. Türk dövlətləri böyük və əhəmiyyətli coğrafi məkanı əhatə edir. Bu da bu dövlətlərin birliyi və gücü ilə global siyasətdə TDT-nin mövqeyinin möhkəmlənməsinə şərait yaradacaqdır.
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xatırladıb ki, bizim zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Proseslər göstərir ki, 21-ci əsr Türk dünyasının inkişafı əsri olacaqdır. Cənab Prezidentin dediyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq".