Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk.
Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk".
Xatırladaq ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.