...

Soltan Məmmədov BMT-nin Baş Qərargahında keçirilən parlament dinləmələrində çıxış edib (FOTO)

Siyasət Materials 14 Fevral 2025 18:10 (UTC +04:00)
Soltan Məmmədov BMT-nin Baş Qərargahında keçirilən parlament dinləmələrində çıxış edib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Soltan Məmmədov Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə BMT-nin Baş Qərargahında keiçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda parlament dinləmələrində çıxış edib.

Trend-in məlumatına görə, deputat qeyd edib ki, Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Milli Məclisində bir çox yeni qanunlar qəbul olunub:

“Bunun nəticəsində vergi güzəşt və azadolmalarının sayı artıb və bu gün 100-dən çox güzəşt və azadolma mövcuddur. 2024-cü ildə Dövlət büdcəsi gəlirlərinin 42 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşür. Milli iqtisadi inkişafın təmin edilməsi və rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırılması vergi siyasətinin əsas istiqamətləridir”.

S.Məmmədov bildirib ki, vergi islahatlarında dövlətin müvafiq strukturlarının dəstəyi önəmli rola malikdir. O qeyd edib ki, parlamentlərin qəbul etdiyi qanunlar ölkənin ümumi siyasətinin ruhuna cavab verməlidir:

“Bu baxımdan, deyə bilərəm ki, Azərbaycan Prezidentinin davamlı dəstəyi uğurlu vergi qanunvericiliyinin hazırlanmasında vacib təsirə malik olub”.

Milllət vəkili parlamentlərin vergi sistemlərinin gücləndirilməsində və daxili resursların davamlı səfərbərliyinin təmin edilməsində mühüm rol oynadığını deyib. O vurğulayıb ki, qanunvericilik islahatları vasitəsilə daha ədalətli vergi siyasətinin müəyyənləşdirilməsi və icra mexanizmlərini təkmilləşdirilməsi mümkündür.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçirilən parlament dinləmələrində də iştirak eirlər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçirilir, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılır. Dinləmələr bu gün yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti