Bakı. Trend:
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağının Təhsil, elm, mədəniyyət və ictimai səhiyyə komitəsinin sədr müavini Xuejun Tian ilə görüşüb.
Trend xəbər verir ki, Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə BMT-nin Baş Qərargahında təşkil edilmiş parlament dinləmələri ilə əlaqədar Nyu-York şəhərinə səfər çərçivəsində keçirilən görüşdə Azərbaycan və Çinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti ilə bağlı müzakirə aparılıb. İki ölkənin yüksək səviyyəli siyasi əlaqələrinin əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı vurğulanıb.
Soltan Məmmədov Milli Məclisə seçkilərdən sonra formalaşmış Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni tərkibi və gələcək fəaliyyət planları barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq əlaqələrin genişləndirilməsinə, müxtəlif ölkələrlə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Bu xüsusda Milli Məclisin rəhbərliyi xarici əlaqələrin gücləndirilməsi üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağının Təhsil, elm, mədəniyyət və ictimai səhiyyə komitəsinin sədr müavini Xuejun Tian ölkəsinin Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd edib ki, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ikitərəfli əlaqələrin gündəliyində mühüm yer tutur.
Görüşdə parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Soltan Məmmədov parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı Çin tərəfinin təkliflərini müvafiq qaydada Milli Məclisin rəhbərliyinin diqqətinə çatdıracağını bildirib.