Bakı.Trend:
2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə ilə başlayan zəfər marafonu, tarixi hədəflərimiz uğrunda müqəddəs mübarizə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda diplomatik triumfla davam etdi. Bu böyük uğurun əsasında Prezident İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və birləşdirici gücü dayanırdı. Lakin müharibədə qazanılan zəfər təkcə başlanğıc idi…
Prezident İlham Əliyev bu Zəfəri diplomatik masaya daşımağı bacardı. O, dünyaya bəyan etdi ki, güc yalnız ədalətə xidmət etməlidir və Azərbaycanın əldə etdiyi qələbə dayanıqlı sülh və sabitliyin yeganə təminatçısıdır. Prezident İlham Əliyev çağdaş dünya tarixinin həm döyüş meydanında, həm də diplomatik arenada qələbə və nüfuz qazanan azsaylı liderlərdəndədir.
Səfərdən əvvəl ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevin “III Şuşa Qlobal Media Forumu”ndakı məzmunlu çıxışını yenidən paylaşdı. Bu, sadəcə dəstək deyil, Azərbaycanın və onun liderinin dünya siyasətində nə qədər böyük nüfuza malik olduğunu göstərən mühüm siqnal idi.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu səfərin mahiyyətini lakonik, özünəməxsus formada bir cümlə ilə belə şərh etdi: “Prezident İlham Əliyev müharibəni qazandı – indi isə sülhü qazanır”.
Bu sözlər Azərbaycanın tarixində dönmə nöqtəsini göstərir. Müharibədə qələbə qazanan lider indi bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm addımlar atır. Prezident İlham Əliyev bütün Cənubi Qafqaza sülh gətirir, sülhü qoruyur və regionu birləşdirir. Müharibələr, münaqişələrlə parçalanan regionu birləşdirmək, sülh gətirmək Prezident İlham Əliyevin tarixi missiyasıdır.
Vaşinqtonda keçirilən görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. O, açıq şəkildə bildirdi ki, Qafqaza sülhü Azərbaycanın gücü gətirir, Ermənistanla davamlı sülh isə yalnız ədalətin bərqərar olması ilə təmin edilə bilər. Pezident İlham Əliyev Paşinyana növbəti ciddi ev tapşırığını verməyi də unutmadı: artıq münaqişənin həlli sənədlərdə yox, reallıqda olmalıdır.
Donald Tramp isə Prezident İlham Əliyevə ən böyük qiymətini verdi. Azərbaycan liderinin uğurlarını yüksək qiymətləndirən amerikalı həmkarı ona rəğbətini yenidən ifadə etdi. Trampın gələcəkdə Nobel Sülh Mükafatı alacağı halda, bu tarixçədə ölkə başçısı İlham Əliyevin də adı əbədi olaraq qalacaq.
Tramp Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etdi
- gücün və etibarın ən canlı simvolunu!
Bu jest Azərbaycanın dünyada qazandığı gücün, hörmətin və nüfuzun
ən parlaq ifadəsidir. Bu, Azərbaycanın və onun liderinin beynəlxalq
siyasətdəki strateji rolunun ən parlaq təsdiqidir.
Tarixi görüşün əsas qəhrəmanı əlbəttə ki, Prezident İlham Əliyev
oldu. Onun sadəcə Azərbaycanın deyil, bütün regionun xarici
təsirlərdən azad olmasını təmin etmək üçün siyasəti göz önündə
idi.
Mübaliğəsiz Azərbaycan tarixində belə bir liderlik nümunəsi
nadirdir - həm savaşda, həm də diplomatik masada qalib gəlmək insan
və siyasətçi üçün ən çətin sınaqlardandır. Dövlət başçısı İlham
Əliyev həm güc, həm də çevik siyasi təfəkkürü ilə bu sınaqlardan
şərəflə çıxmağı bacardı.
Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyev Ali Baş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraq tarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətə çevrilib.
Bu sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda Prezident
İlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü.
Vaşinqtonda güclü, qüdrətli Azərbaycan göründü. Dövlət başçısı
İlham Əliyev Azərbaycanı ucaltdı, bütöv və qüdrətli, dünyada qəbul
edilən, eşidilən Azərbaycanı!
Bizə onu qorumağı, yaşatmağı öyrətdi!
Düşünürəm ki, dualarımıza redaktə etməyin vaxtı çatıb. 8 avqustdan
sonra "Azərbaycan haqqı!" andını içməyin vaxtıdır.
Dünya liderləri arasında da Prezident İlham Əliyevin nüfuzu, siyasi gücü və uzaqgörənliyi böyük hörmətlə qarşılanır. Prezident Donald Tramp açıq şəkildə bildirdi: “Siz böyük lidersiniz.” Bu sadəcə xoş sözlər deyildi, bu dünyanın Azərbaycana və onun liderinə səmimi etirafıdır!
Sən belə xoşbəxtsən, Vətən!
Anar YUSİFOĞLU
Əməkdar jurnalist