...

İlham Əliyev: Azərbaycan BTC neft kəməri ilə enerji daşıyıcılarının nəqlindən siyasi və iqtisadi baxımdan bəhrələnəcək

Siyasət Materials 14 Mart 2006 14:33 (UTC +04:00)

"Gələcəkdə digər Xəzəryanı ölkələr də Bakı-Tiflis-Ceyhan boru kəmərinə qoşula və Azərbaycanın sistemi vasitəsilə öz enerji daşıyıcılarını nəql edə biləcək. Azərbaycan bundan siyasi və iqtisadi baxımdan bəhrələnəcək". Trend in "AzərTac"a istinadən xəbər verdiyi kimi, bu barədə prezident İlham Əliyev Yaponiyanın "NHK" telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, bu gün BTC boru kəməri dünyada ən iri enerji layihəsidir. "Neft kəmərinin istismara verilməsi beynəlxalq miqyaslı mühüm hadisəyə çevriləcək, belə ki, bu layihə iki dənizi və 3 dövləti birləşdirəcək. Beləliklə, Azərbaycan gündə ən azı bir milyon barrel nefti dünya bazarlarına ixrac etmək iqtidarında olacaq", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, BTC regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə səbəb olacaq. "Əlbəttə, bu nailiyyət respublikanın iqtisadiyyatını gücləndirəcək, Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artıracaq. Rəsmi Bakı isə kəmərin hansısa ölkənin ərazisindən kənar keçməsi məqsədini güdmür", - deyə dövlət başçısı vurğulayıb.

"Biz Bakı-Tiflis-Ceyhan boru kəmərinin çəkilməsi layihəsi üzərində işləyərkən heç bir siyasi məqsəd güdmürdük. Qara dənizə çıxan mövcud iki boru kəmərində BTC-də olan imkanlar yoxdur və onlar beynəlxalq bazarlara birbaşa çıxışı təmin etmir", - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti