"Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar Azərbaycanın dəyişməz mövqeyi çərçivəsində müəyyən nəticələrə gətirib çıxaracaq". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 29-da jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir gün əvvəl Minskdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan arasında aparılmış danışıqları şərh edərkən bəyan edib.
N.Məmmədov bu danışıqları "çox mühüm" adlandırsa da, görüşün təfərrüatları barədə danışmaqdan imtina edib.
O qeyd edib ki, prezident İlham Əliyev artıq danışıqlar prosesinin getdiyi uzun illər ərzində münaqişənin nizama salınması üçün hər cür addım atır və danışıqların əsas şərti həmişə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olub.
N.Məmmədov bildirib ki, hazırkı danışıqlar da ərazi bütövlüyü prinsipi çərçivəsində aparılıb.
O qeyd edib ki, növbəti görüşün tarixi hələ müəyyən edilməyib.