...

Arif Hacılı: "MSK indiki şəkildə formalaşacaqsa və Müsavata da yer ayrılacaqsa, bununla razılaşmayacağıq"

Siyasət Materials 5 Dekabr 2006 14:48 (UTC +04:00)

"Biz ümumiyyətlə, MSK-nın formalaşması qaydasının dəyişdrilməsini tələb edirik. Hesab edirik ki, seçki komissiyaları bütün siyasi tərəflərin iştirakı təmin olunmalıdır. Ona görə biz indiki şərtlərlə seçki komissiyalarının formalaşdırılması prosesində iştirak etmirik". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Qeyd edək ki, MSK-da boş qalmış 6 yerə parlamentdə azlıqda qalan partiyaların nümayəndələri seçilməlidir. Müxalifəti təmsil edən Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi partiyalarının hər birinin bir nəfər nümayəndəsi MSK-ya üzv təyin olunacaq. Qalan 6 partiyadan Böyük Quruluş, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları üçü birlikdə 1 nəfər, həmçinin Sosial Rifah, Ana Vətən, Vətəndaş Birliyi partiyaları da bir nəfər nümayəndə müəyyən etməlidirlər.

A.Hacılı qeyd edib ki, MSK-da Müsavat Partiyasına da 1 nəfərlik yer verilir. Lakin bu partiya seçki komissiyalarının belə şərtərlə formalaşdırılmasını qeyri-konstruktiv hesab edir. Müsavat funksioneri qeyd edib ki, hakimiyyət yerli və beynəlxalq ictimaiyyətin, ATƏT-in, Avropa Şurası Venesiya Komissiyasının təkliflərini nəzərə alaraq seçki komissiyalarının yenidən formalaşması istiqamətində müzakirələrə başlamalıdır.

"Biz istəyirik ki, komissiyalar paritet əsasda formalaşsın. İndiki seçim isə konstruktiv deyil. Əsas müxalifət partiyaları bu prosesdən kənarda qalır. MSK bu şəkildə formalaşacaqsa və bizə də yer ayrılması təkif olunacaqsa, təbii ki, Müsavat Partiyası bununla razılaşmayacaq"-deyə A.Hacılı vurğulayıb.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya hazırda 5 nəfərlik deputat qrupu ilə parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti