...

Milli Məclis MSK-nın formalaşdırılmasını başa çatdırıb

Siyasət Materials 15 Dekabr 2006 16:03 (UTC +04:00)

Artıq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) yeni ildən tam tərkibdə fəaliyyət göstərəcək. Trend xəbər verir ki, Milli Məclisin dekabrın 15-də keçirilən iclasında MSK-nın formalaşdıılması prosesi başa çatdırılıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, MSK-nın formalaşdırılması 2006-cı ilə başa çatdırılmalıdır və ilin sonuna çox az bir müddət qalıb. Ona görə də məsələ gündəliyə daxil edilib.

Spiker millət vəkillərinin nəzərinə çatdırıb ki, MSK-da boş olan yerlərə Ümid Partiyası Akif Yaqub oğlu Qurbanovun, Ədalət Partiyası Oqtay Ağaəli oğlu Hümbətlinin, Vətəndaş Həmrəyliyi Partiyası isə Almaz Əlisultan qızı Qəhramanlının namizədliyini irəli sürüb.

Bundan sonra məsələ ətrafında müzakirələr başlayıb. Müxalifəti təmsil edən millət vəkilləri Arzu Səmədbəyli, Fazil Qəzənfəroğlu, Nəsib Nəsibli Qüdrət Həsənquliyev və digərləri MSK-nın hazırkı format əsasında formalaşdırılmasına etirazlarını bildiriblər.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, mövcud seçki sistemi özünü doğruldub. "MSK-nın bu formatda formalaşdırılması ədalətlidir. Ona görə də bu sistem saxlanılmalıdır."

Müzakirələrə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yekun vurub. "MSK-nın paritet, bərabər əsaslarla formalaşdırılması mümkün deyil. Çünki bu sistem Azərbaycanda bir dəfə tətbiq olunub və müxalifətin günahı uçbatından özünü doğrultmayıb. Seçki Məcəlləsinin dəyişdirilməsindən söhbət gedə bilməz. Çünki bu qanun Azərbaycanın reallıqlarına uyğundur."

Müzakirələrdən sonra 87 deputat lehinə, 8 deputat isə əleyhinə olmaqla yuxarıda adları qeyd olunan şəxslər MSK üzrü kimi təsdiq olunublar.

Xəbər lenti

Xəbər lenti