...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri QHT nümayəndələrilə görüşüb

Siyasət Materials 21 Dekabr 2006 13:12 (UTC +04:00)

Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohol dekabrın 21-lə seçki sahəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirib. Trend in məlumatına görə, ATƏT-in Bakı ofisində keçirilən görüşdə QHT rəhbərləri Arzu Abdullayeva, Eldar İsmayılov, Anar Məmmədli və Hafiz Həsənov iştirak ediblər.

Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib ki, görüşdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycanın öhdəlikləri, QHT-lərin seçkilərlə bağlı ATƏT-lə əməkdaşlığı məsələləri müzakirə olunub: "Bizim seçki məsələləri ilə bağlı təkliflərimiz var və bunlar gələn il fəal şəkildə müzakirə ediləcək. Görüşdə seçki qanunvericiliyinə dair həm hökumətin, həm vətəndaş cəmiyyəti təmsilçilərinin təklifləri müzakirə olundu. Kristian Ştrohol ATƏT-in bütün tərəflərlə danışıqlara hazır olduğunu, səyləri bundan sonra da davam etdirəcəyini deyib".

QHT rəhbəri Arzu Abdullayeva isə qeyd edib ki, görüşdə Azərbaycan ictimaiyyəti ilə beynəlxalq qurumların əməkdaşlığı məsələsi önə çəkilib: "Biz hesab edirik ki, ortaq məxrəcə gəlinməsi üçün seçki sahəsinə dair vətəndaş cəmiyyəti ilə beynəlxalq ictimaiyyətin koordinasiyası yaradılmalıdır. Beynəlxalq qurumlar Azərbaycan cəmiyyətinin rəyini öyrənmək istəyirlər. Biz belə bir qənaətə gəldik ki, beynəlxalq qurumlar iqtidarla, Azərbayan cəmiyyəti ilə dialoqu lazım bilirlər"-deyə A.Abdullayeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti