...

Milli Məclis "Atçılıq haqqında" qanun qəbul edib

Siyasət Materials 27 Fevral 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Milli Məclisin fevralın 27-də keçirilən iclasında "Atçılıq haqqında" qanun ikinci və üçüncü oxunuşda qəbul olunub. Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov  atçılığın  təşkilinin və idarə edilməsinin iqtisadi və hüquqi əsaslarını  müəyyən edən qanunun Milli Məclisdə ilk oxunuşundan sonra  tamamilə yenidən işləndiyini bildirib. Bildirib ki, sənəddə çoxlu dəyişikliklər olunub, 9 yeni maddə, 2 yeni fəsil əlavə olunub.

Onun fikrincə, atçılıqda damazlıq işinin  yaxşılaşdırılması, cins Azərbaycan atlarının və beynəlxalq at cinslərinin genofondunun qorunub saxlanması, qiymətli irsi əlamətlərə malik  atların yetişdirilməsi  üçün sənəd çox mükəmməl hüquqi zəmin yarada biləcək.

Yeni qanunun qəbulundan sonra Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın damazlıq atlarını Dövlət Damazlıq Kitabında xüsusi qeydiyyata alaraq pasport verəcək və  belə  atların  satışına  qadağa  qoyulacaq.

Bundan başqa yeni qanun atçılığın inkişaf etdirilməsinə, Azərbaycanın cins atları olan Dilboz və Qarabağ atlarının sayının artırılmasına imkan verəcək.

Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti