Azərbaycan, Bakı, 22 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın "Bakı" klubunun rəhbərliyi komandanın baş məşqçisi Cokiça Hadziyevski ilə daha iki illik müqavilə bağlayıb.
"Mövsüm ərzində şərait baxımından heç bir problemlə üzləşmədik. Klub rəhbərliyi istədiyimiz hər şeyi bizə verməyə çalışdı. Birinci olduğumuza görə demirəm, amma komandamızda doğrudan da ailə əhval-ruhiyyəsi var", - Hadziyevski Trend Xəbərlər Şirkətinin mətbuat konfransında keçirdiyi brinfiqdə bildirib.
"Bakı" Azərbaycan Premyer Liqasının 2008/2009-cu il mövsümünün çempionu olub. Hadziyevski isə futbol azarkeşləri arasında keçirilən sorğuda mövsümün ən yaxşı məşqçisi adını qazanıb.
Baş məşqçi "Bakı" klubunu 2007-ci ildən çalışdırır.
Baş məşqçinin sözlərinə görə, artıq komandanın hədəfləri böyüyüb və əsas məqsəd Avropada uğur qazanmaqdır. "Bakı"ya yeni ruh, daha böyük qələbə istəyi lazımdır. İndidən böyük zirvələri fəth edəcəyimizi deyə bilmərəm. Amma istənilən rəqibə qarşı mübarizə aparmaq gücündəyik və ümid edirəm ki, bu avrokubok mövsümündə sürprizə imza atan klublardan biri məhz biz olacağıq", - Hadziyevski qeyd edib.
Mütəxəssis komandanın əsas heyət oyunçularını klubda saxlamaq istəyir: "Komandanın müəyyən "skeleti" var. Onu saxlamaq və üzərinə bəzi əlavələr etmək niyyətindəyik. Cəmi 4-5 futbolçu ilə yollarımızı ayıracağıq".
Hadziyevski "Bakı" klubunun yeni mövsümün hazırlığına iyunun 10-da başlayacağını qeyd edib. "Zolaqlılar" ilk təlim-məşq toplanışını Sloveniyanın Ptuy şəhərində keçirəcək. Üç həftəlik çalışmalardan sonra komanda püşkatmanın nəticəsindən asılı olaraq sonrakı planlarını müəyyənləşdirəcək.
"Komandanın müdafiə xəttində lider xüsusiyyətlərinə malik bir super futbolçuya ehtiyacımız var. Hücuma da oyunçu ala bilərik. Hər şey hazırda heyətimizdə olan futbolçuların müqavilələrini yeniləməsindən asılı olacaq", - o deyib.
Jurnalistlərin Azərbaycan milli komandasında bir daha işləmək istəyib-istəməməsi haqda sualı Hadziyevski "yığmada işləmək böyük şərəfdir, ancaq hazırda bütün fikrim "Bakı" ilə bağlıdır" deyə cavablandırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]