...

Toni Adams Azərbaycan futbol klubunun baş məşqçisi oldu (FOTO)

Cəmiyyət Materials 12 May 2010 13:44 (UTC +04:00)
Azərbaycanın peşəkar futbol klubu "Qəbələ" çərşənbə günü ictimaiyyətə yeni icraçı-direktor Alastar Saverimotto və klubun yeni baş məşqçisi Toni Adamsı təqdim etdi.
Toni Adams Azərbaycan futbol klubunun baş məşqçisi oldu (FOTO)

Аzərbaycan, Bakı, 12 may /Trend, müxbir M. Əliyev/

Azərbaycanın peşəkar futbol klubu "Qəbələ" çərşənbə günü ictimaiyyətə yeni icraçı-direktor Alastar Saverimotto və klubun yeni baş məşqçisi Toni Adamsı təqdim etdi.

"Qəbələ" futbol klubunun qarşıda çox böyük məqsədləri var. Bizim amalımız uzunmüddətli və peşəkar inkişafa nail olmaqdır. Bunun əsası və özülü uşaq futbolunun inkişafıdır. "Qəbələ" futbol klubunun xüsusi futbol akademiyası var; bir il yarım ərzində Azərbaycan birinciliyi üzrə lider olan 13, 15, 17 yaş qruplarındakı uşaqlarımızın əldə etdiyi uğurlar bizi fərəhləndirir. Bundan əlavə, biz dizaynı hazır olan yeni futbol kompleksinin yaradılması barədə planlar hazırlayırıq. "Qəbələ" futbol klubunun inkişaf prinsiplərini həyata keçirmək üçün biz "Everton" ingilis futbol klubunun menecerini bura dəvət etmişik", - təqdimat mərasimində klubun prezidenti Taleh Heydərov bildirdi.

Klubun yeni baş məşqçisi Toni Adams qeyd etdi ki, belə əfsanəvi layihədə iştirak etməyə çox şaddır və işin başlanmasını səbirsizliklə gözləyir. "Mənim üçün yaranmış bu imkandan istifadə etmək və bu klubu dünya standartları səviyyəsinə qaldırmaq çox böyük şərəfdir. Klubun tərkibi məni tamamilə qane edir. Biz indi həqiqətən də bir tarix yaradırıq", - deyə Adams tədbirdə öz fikirlərini bölüşdü.

Adamsın sözlərinə görə, o, mövcud layihəni qiymətləndirmək və həmçinin, ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədilə doqquz aydır Azərbaycandadır.

"Bu təklif mənim üçün davamlı infrastruktur, texnika və peşəkarlıq əsasında klub yaratmaqdan ötrü çox gözəl imkandır. Qarşımızda duran vəzifələr çox çətin olsa belə, mən əminəm, bu bizim üçün əngəl olmayacaq və üç-beş illik strateji planımız uğurla həyata keçiriləcək", - o ümidlə bildirdi.

Toni Adams - əfsanəvi London futbol klubu "Arsenal"ın və İngiltərə yığma komandasının oyunçusu olub. O, "Arsenal"ın tərkibində oynayarkən dörd dəfə ölkə çempionu, üçqat İngiltərə kuboku və ikiqat futbol liqası, üçqat İngiltərə superkuboku və UEFA kuboklar kubokunun sahibi olub; İngiltərə klubu "Portsmut"un da məşqçisi olub.

"Qəbələ" klubunun yeni icraçı-direktoru Alastair Saverimotto Azərbaycanda futbolun inkişafında müsbət irəliləyişlərin olduğunu vurğuladı və yaxın illərdə Azərbaycan futbolçularının Avropada ixtisaslaşma keçəcəyini əminliklə bildirdi.

"Futbol nəinki oyun, həm də böyük biznesdir və onun inkişafı üçün ölkə daxilində yaxşı kadrların hazırlanması vacibdir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik", - o dedi.

Xəbər lenti

Xəbər lenti