Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yeni Məlumatlandırma xidmətini istifadəyə verir. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, "Azercell Telekom" MMC-nin məzmun təminatçısı olan LSİM MMC-nin təqdim etdiyi proqram təminatı vasitəsilə artıq istənilən şəxs TQDK-nın yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə edə biləcək.
Məlumatlandırma xidməti vasitəsilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları telefon vasitəsilə öyrənmək mümkün olacaq.
Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək lazımdır. 4 məlumat blokundan hər hansı birinə və yaxud hamısına abunə olmaq olar.