...

Qısamüddətli isti hava şəraitindən sonra Azərbaycanda yenidən qarlı və şaxtalı hava hökm sürəcək

Cəmiyyət Materials 31 Yanvar 2012 12:22 (UTC +04:00)
Fevralın 1-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu qısa müddətə yüksələcək.
Qısamüddətli isti hava şəraitindən sonra Azərbaycanda yenidən qarlı və şaxtalı hava hökm sürəcək

Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir İ.İsabalayeva/

Fevralın 1-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu qısa müddətə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin çərşənbə axşamı Trend-ə bildirdiyinə görə, bu gün temperatur gündüz saatlarında 0-4 dərəcə isti, axşama yaxın isə 0 dərəcəyə yaxın olacaq. Sabah gündüz isə havanın temperaturu yüksələrək 3-6 dərəcə isti olacaq. Ancaq günün ikinci yarısından başlayaraq şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu sıfır dərəcəyə enəcək. Bəzi yerlərə qar və sulu qar yağacağı gözlənilir.

Fevralın 2-də hava şəraitinin yenidən kəskinləşəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir.

Fevralın 2-də Bakıda güclü şimal qərb küləyi ilə müşahidə edilən qar yağacaq. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın bölgələrində də fevralın 1 və 2-də fasilələrlə yağıntı olacağı, qar yağacağı proqnozlaşdırılır. Fevralın 2-də qarın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Verdiyev yanvar ayı ərzində müşahidə edilən hava şəraitinin qış fəsli üçün xarakterik olduğunu, anomal hesab edilmədiyini bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə yanvar ayında bu ildəkindən də soyuq günlər qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti