...

Sürüşmə Ağsu aşırımında yolu tamamilə qəzalı vəziyyətə salıb

Cəmiyyət Materials 24 Mart 2012 11:20 (UTC +04:00)
Ağsu aşırımında yol tamamilə qəzalı vəziyyət alıb.
Sürüşmə Ağsu aşırımında yolu tamamilə qəzalı vəziyyətə salıb

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İ.İsabalayeva/

Ağsu aşırımında yol tamamilə qəzalı vəziyyət alıb. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, Ağsu aşırımı boyunca yollarda müəyyən qədər problemlər yaranıb. Aşırım boyunca demək olar ki, bütün sürüşmə sahələri aktivləşib.

Niftiyev bildirib ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142 və 146-cı km-lərində sürüşmələr olduqca aktivləşib. Artıq Ağsu aşırımının girəcəyindəki "Şərədil" istirahət mərkəzinin qarşısında sürüşmənin uzunluğu 350-400, eni 80-85 metrə çatıb, qırılma qaşı da asfalt yolunun duz ortasından keçir. Bundan əlavə, yolun 100-110 metr uzunluğunda çatlar da müşahidə edilir. Çatların eni 10 sm-ə çatıb, onların görünən dərinliyi isə 40-50 sm-dir.

"Ərazidəki sürüşmə qaşı magistral yolun asfalt örtüyünü 2 yerə bölüb, yol tamamilə qəzalı vəziyyət alıb. Sürüşmənin dinamikasında nisbi aktivlik yenə davam edərsə, yəqin ki, bu avtomobil yolunun həmin hissəsi tamamilə yararsız hala gələcək. Muğanlı kəndinə çathaçatda sürüşmə yolu çökdürüb. Həmin proseslər bu magistral yolun 146-cı km-liyində də müşahidə edilir", - baş mühəndis əlavə edib.

Xəbər lenti

Xəbər lenti