...

Azərbaycanda sərxoş sürücünün müayinədən boyun qaçırmasına görə cərimə iki dəfədən artıq artırılır

Cəmiyyət Materials 5 Aprel 2012 12:22 (UTC +04:00)
Azərbaycanda sərxoş sürücünün müayinədən boyun qaçırmasına görə cərimənin iki dəfədən artıq artırılması təklif olunur.
Azərbaycanda sərxoş sürücünün müayinədən boyun qaçırmasına görə cərimə iki dəfədən artıq artırılır

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda sərxoş sürücünün müayinədən boyun qaçırmasına görə cərimənin iki dəfədən artıq artırılması təklif olunur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə bu və ya digər pozuntulara görə nəzərdə tutulan cərimələrin minimum məbləğinin götürülməsi barədə dəyişikliklər olunması ilə bağlı qanun layihəsi hazırlanıb.

Qanun layihəsində qeyd olunur ki, sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə cərimənin məbləği 70 manatdan 150 manatadək artırılır.

Qanun layihəsində avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə vəzifəli şəxslər üçün cərimənin minimum həddinin götürülməsi təklif olunur.

Belə ki, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər 70 manat miqdarında cərimə olunacaqlar. Hazırda bu pozuntuya görə, vəzifəli şəxslər üçün cərimənin məbləği qırx manatdan yetmiş manatadək məbləğdədir.

Bu pozuntu ilə bağlı təklif olunan digər bir dəyişikliyə görə, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Digər bir təklifdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə cərimənin məbləği 40 manat müəyyən edilir (hazırda bu cərimənin məbləği 30 manatdan 40 manata qədərdir).

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə cərimənin məbləği 20 manat (hazırda on manatdan iyirmi manatadəkdir), nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə cərimənin məbləği 30 manat (hazırda iyirmi manatdan otuz manatadəkdir) təklif olunur.

Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə cərimənin 60 manata (hazırda qırx manatdan altmış manatadəkdir), nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cərimənin məbləğinin 80 manatdan 100 manatadək artırılması təklif olunur.

Habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə olunmasına görə, 80 manatdan 100 manatadək cərimə təklif olunur. Hazırda bu cərimə qırx manatdan altmış manatadəkdir.

Layihədə bir sıra yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin minimum məbləğinin götürülməsi təklif olunub.

Qanun layihəsi Milli Məclisin aprelin 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti