...

Azərbaycana soyuq hava kütlələrinin daxil olması nəticəsində temperatur 10 dərəcəyədək enəcək

Cəmiyyət Materials 27 İyun 2012 14:44 (UTC +04:00)
Azərbaycanda hava şəraitində gözlənilən dəyişikliklə əlaqədar iyunun 29-dan etibarən ölkə ərazisində havanın temperaturu ötən günlərə nisbətən tədricən 5-10 dərəcə aşağı enəcək.
Azərbaycana soyuq hava kütlələrinin daxil olması nəticəsində temperatur 10 dərəcəyədək enəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava şəraitində gözlənilən dəyişikliklə əlaqədar iyunun 29-dan etibarən ölkə ərazisində havanın temperaturu ötən günlərə nisbətən tədricən 5-10 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə günü Trend-ə bildirib ki, iyunun 29-dan havaların sərinləşməsi şimal-qərbdən hərəkət edən iki soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən keçməsi ilə əlaqədardır. Hazırda bu atmosfer cəbhələri Qara dəniz üzərində müşahidə olunur.

Tağıyeva deyib ki, iyunun 29-u günün ikinci yarısında hava dəyişikliyi prosesi əvvəlcə respublikanın şimal və qərb rayonlarında özünü büruzə verəcək. İyunun 30-da isə artıq demək olar ki, respublikanın əksər rayonlarında bu proses hiss olunacaq. Bakıda və Abşeron yarımadasında, eyni zamanda, respublikanın bəzi rayonlarında bu proses güclü şimal-qərb küləyi ilə müşahidə olunacaq.

İyunun 29-dan artıq külək güclənməyə başlayacaq. Küləyin maksimal sürəti iyunun 29-30-da gündüz saatlarında arabir saniyədə 25-30 metrə çatacaq. İyunun son günləri və iyulun 5-dək paytaxtda havanın temperaturu 22-27 dərəcədən yüksək olmayacaq.

Tağıyeva deyib ki, gözlənilən hava şəraiti ilə əlaqədar yaxın günlər ərzində respublikanın rayonlarında yağışlı hava şəraiti müşahidə olunacaq. Yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Bəzi rayonlarda, əsasən, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur.

Gözlənilən intensiv yağışlarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın və selə keçəcəyi də istisna olunmur.

Tağıyevanın sözlərinə görə, iyun ayının son günlərindən iyulun 5-dək ölkədə qeyri-sabit, sərin və nisbətən küləkli hava şəraiti müşahidə olunacaq. Ən kəskin küləklər iyunun 29 və 30-da olacaq. Sonrakı günlərdə də şimal küləyi üstünlük təşkil edəcək. Bununla əlaqədar ölkədə hava sərin olacaq.

Tağıyeva yay aylarında belə sərin hava şəraitinin ayrı-ayrı illərdə müşahidə edildiyini də xatırladıb.

Xəbər lenti

Xəbər lenti