...

Azərbaycan Avropa Məşğulluq Forumunda təmsil olunur (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2012 16:20 (UTC +04:00)
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Məşğulluq Forumu öz işinə başlayıb. İki gün davam edəcək forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Azərbaycan Avropa Məşğulluq Forumunda təmsil olunur (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Məşğulluq Forumu öz işinə başlayıb. İki gün davam edəcək forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədovun Trend-ə verdiyi məlumata görə, sərgi və konfransdan ibarət olan tədbir çərçivəsində geniş müzakirələr aparılır, yeni əməkdaşlıq əlaqələri qurulur.

Tədbirin əhəmiyyətli hissəsini təşkil edən sərgidə təqdim olunan Azərbaycan stendində ölkəmizin görüntülərinin, sosial-iqtisadi inkişafının əks olunduğu videosüjetlər, ölkəmizdə əhalinin sosial müdafiəsi, yeni iş yerlərinin yaradılması, işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı tərəfindən birgə icra olunan "Sosial müdafiənin inkişafı" layihəsi üzrə əmək bazarının islahatları istiqamətində görülmüş işlər barədə materiallar yer alıb. Azərbaycanın stendi müxtəlif ölkələrdən olan iştirakçıların böyük marağına səbəb olub.

Sərgidə "İşçi qüvvəsinin inkişafı yönündə fəaliyyətlər" mövzusunda geniş təqdimatla çıxış edən nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov ölkəmizdə əmək bazarının mövcud vəziyyəti, demoqrafik sabitlik, yeni iş yerlərinin açılması, işsizliyin və yoxsulluğun azaldılması sahəsində əldə olunan mühüm nailiyyətlər, sosial yardım proqramları və həyata keçirilən aktiv sosial müdafiə tədbirləri, sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər və s. barədə ətraflı məlumatlar verib.

Tədbirin konfrans hissəsində isə Avropada gənclərin məşğulluğu probleminin həlli, əmək bazarı islahatlarında KİV-in rolu, təşkilati islahatlar, ahıl və yaşlı insanların məşğulluğunun təmin olunması - ömürboyu təhsil, gənclərin işsizliyi, əvvəllər məhkumluğu olmuş insanların sosial reabilitasiyası və s. mövzularda çıxışlar dinlənilib.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ayrı-ayrı ölkələrin nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi, Avropa məkanında iş axtaran və işsiz vətəndaşların məşğulluğunun təminatında yeni innovativ yanaşmaların tətbiqi və s. barədə müzakirələrin aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti