...

Baş Prokurorluğun nümayəndə heyəti Moskvada elmi-praktiki konfransda iştirak edib

Cəmiyyət Materials 10 Dekabr 2012 18:11 (UTC +04:00)
Moskvada Rusiya Baş Prokurorluğunun Akademiyası MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası ilə birgə "2011-2013-cü illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair dövlətlərarası Əməkdaşlıq Proqramı" çərçivəsində "MDB iştirakçı dövlətlərinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı: problemlər və perspektivlər" adlı elmi-praktiki konfrans keçirib.
Baş Prokurorluğun nümayəndə heyəti Moskvada elmi-praktiki konfransda iştirak edib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Moskvada Rusiya Baş Prokurorluğunun Akademiyası MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası ilə birgə "2011-2013-cü illər üçün cinayətkarlıqla mübarizədə birgə tədbirlərə dair dövlətlərarası Əməkdaşlıq Proqramı" çərçivəsində "MDB iştirakçı dövlətlərinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı: problemlər və perspektivlər" adlı elmi-praktiki konfrans keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransı Rusiyanın Baş prokuroru Yuri Çayka açaraq korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, mövcud problemlər və onların aradan qaldırılması imkanları barədə geniş məlumat verib və bu sahədə MDB iştirakçı dövlətlərinin prokurorluqları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Belarus və Tacikistanın Baş prokurorları, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, prokurorluq orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı rolunu qeyd etməklə milli təcrübənin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi məsələlərinə diqqət yetiriblər.

Konfransda "Korrupsiyaya qarşı mübarizə: Azərbaycan modeli" mövzusunda çıxış edən K.Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Konfransda Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alınmaqla yekun sənəd - "Tövsiyələr" qəbul edilib.

Konfransın gedişində Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstan nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun Rusiya Federasiyası Baş Prokurorluğunun Akademiyasının rəhbərliyi ilə apardığı işçi görüşlərdə ikitərəfli əməkdaşlığın yeni formaları və perspektivləri müzakirə edilib.

Tədbir iştirakçılarına Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumatları özündə əks etdirən kitabçalar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti