...

3751 metrlik zirvədə ruh yüksəkliyi (FOTO)

Cəmiyyət Materials 15 May 2013 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Tarixə nəzər salsaq görərik ki, hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar "Heydər zirvəsi"nə ənənəvi təşkil olunan kütləvi yürüşlər həyata keçirilir. Bu yürüşlər hər dəfə kütləvilik və müxtəlif sosial təbəqələrin qoşulması ilə yadda qalır.

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar 03-11 may 2013-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunan kütləvi yürüş təşkilatçılıq və iştirak baxımından nəinki olduqca yadda qalan, həm də peşəkarlıq baxımından örnək ola biləcək bir hadisə idi.

FAİREX-in qarşısında Ulu Öndərin 90-cı ildönümü ilə əlaqədar ciddi məsuliyyət, mövsümə uyğun olmayan sərt təbiət şərtləri, Azərbaycan dağ tədbirləri tarixində ilk dəfə 400 nəfərdən çox olan iştirakçının texniki və marşrut təhlükəsizliyinin təminatı, Şahdağ Milli Parkının xüsusi tələbləri, ilk baxışdan gözə görünməyən ciddi bürokratik məsələlər, özünün dağçılıq təcrübəsi ilə lovğalanan bəzi qrupların psixolji davranışları və daha digər məsuliyyətlər vardı. Bütün bu məsuliyyət dağçılıq etikası və dostluq bağları ilə birləşən bir qrupun üzərində bütün yürüşlər boyu hiss olunurdu.

YÜKSƏKLİK DÜŞƏRGƏSİ

"Heydər zirvəsi"nə yürüş ənənvi olaraq 3 may 2013-cü il tarixində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları tərəfindən Fəxri Xiyabanda Ümummilli Liderin xatirəsini yad etməklə başlandı. Yürüş buradan Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinə doğru istiqamət götürdü. Uzaq səfərlər üçün tam komfortlu avtobuslar Bakıdan Qubaya getmək üçün tamamilə ödənşsiz xidmət şərtləri ilə iştirakçıların ixtiyarına verilmişdi. Qubadan düşərgə rayonuna çatmaq üçün isə yolsuzluq şəraitinə uyğun olan avtomobillər pulsuz və rahat gedişi təmin etmək üçün iştirakçıları gözləyirdi.

Kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə dəniz səviyyəsindən 3000 m hündürlükdə düşərgə qurulmuşdu. Azərbaycan dağçılıq tarixində ilk iri həcmli yüksəklik düşərgəsi olan bü düşərgədə tibb məntəqəsi, davamlı elektrik, əlavə ləvazimatları əldə etmə imkanı, geniş sayda insanı yerləşdirə biləcək çadırlar qurulmuşdu. Bioloji tualetlər vasitəsilə gigiyena tələbləri yüksək səviyyədə təşkil edilmiş, mətbəx və əlavə yaşayış tələbləri, təqdimat imkanları yaradılmışdı. İlk baxışdan düşərgə intizamı hiss olunur, iştirakçıların şəraitə rahat uyğunlaşdıqları müşahidə edilirdi.

Hətta düşərgəyə qədər olan müvafiq marşrut FAİREX və Şahdağ Milli Parkının əməkdaşları tərəfindən bayraqlarla qeyd edilmişdi. Qatı duman şəratində belə asanlıqla düşərgəyə yetişmək mümkün idi.

Kütləvi yürüşlərin tənzimlənməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə yürüşə rəhbər təyin edilən Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Valeri Bağırov hər bir çadıra baş çəkir, hər bir komandanın fiziki və psixoloji vəziyyəti ilə maraqlanır, ehtiyacları öyrənirdi.

Qeyd edək ki, Heydər Əliyevin doğum günü ilə əlaqədar göstərilən tarixlərdə Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə yürüş edən iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə birdəfəlik giriş haqqından azad olunmuşdu.

ZİRVƏYƏ DOĞRU

Düşərgədən bir komanda şəklində hərəkətə başlayan iştirakçılar təcrübəli bələdçilər və dağçıların müşayiəti ilə addım-addım irəliləyirdilər. Mövsümə uyğun olmayan aşağı temperatur, güclü yağan qar, qatı duman və qar uçqunları dağda hərəkəti çətinləşdirirdisə də, qrup stabil sürətlə hərəkəti davam etdirirdi. Düşərgə ilə radioqəbuledicilərlə əlaqə saxlayan bələdçilər tez-tez yürüş haqqında məruzə edirdilər. İstənilən kiçik problem belə bələdçilərin diqqətində idi. "Heydər zirvəsi"nə gedən marşrut FAİREX və Şahdağ Milli Parkının əməkdaşları tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilmişdir.

Budur, artıq zirvə görünür. İştirakçıların üzərində yorğunluq, gərginlik yoxa çıxır. Zirvədə, Ümummilli Lider Heydər Əliyevin barelyefi önündə bir neçə dəqiqəlik anım insanların əziyyətlərinin yeganə qiymətidir- iştirakçıların da, təşkilatçıların da. Bu zirvə hər il daha da ucalır - sizin sayənizdə!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti