Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/
Havaların istiləşməsi ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) günvurma ilə əlaqədar müraciət edənlərin sayı çoxalıb. Stansiyadan Trend-ə bildiriblər ki, mayın 2-dən bu günə qədər Bakıda 11 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 3-ü xəstəxanaya çatdırılıb.
Məlumata görə, günvurma hadisələri əsasən iyunun 15-dən sonra artmağa başlayıb. Belə ki, cəmi 2 nəfər iyunun 15-nə kimi günvurma ilə bağlı xəstəxanaya müraciət edib.
Gün vuranlardan biri uşaq, qalanları 20 yaşdan 45 yaşa qədər şəxslər olub.
Bakı Şəhər Baş Səhiyyə İdarəsindən isə Trend-ə bildiriblər ki, vətəndaşlar isti hava şəraitində açıq havada olmaqdan çəkinməlidirlər.