Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbuluna başlanıb.
Trend Baş Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar 2 sentyabr 2013-cü il tarixdən prokurorluğa işə qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu prosesinə başlanıb.
Məlumatda deyilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 2002-ci ildən tətbiqinə başlanılan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 52 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər.
Prokurorluqda mövcud vakant vəzifələrin hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə cari ildə elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının vaxtı və yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.
Prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər məsələlərlə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə məlumat əldə etmək olar.