...

Tələbələr “Eko ev” layihəsinə cəlb olunurlar (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 11:12 (UTC +04:00)
300-ə qədər tələbənin iştirakı ilə baş tutan mərasimdə layihə haqqında ətraflı məlumat verilib.
Tələbələr “Eko ev” layihəsinə cəlb olunurlar (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Fevralın 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən "Eko Ev" adlı layihənin təqdimat mərasimi keçirilib. Bu barədə Trend-ə IDEA-dan məlumat verilib.

300-ə qədər tələbənin iştirakı ilə baş tutan mərasimdə layihə haqqında ətraflı məlumat verilib.

"Day.az" xəbər portalının dəstəyi ilə həyata keçirilən layihə tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onlar layihə ilə bağlı çoxlu sayda suallar ünvanlayıblar. Tələbələr layihənin onlar üçün faydalı olacağını söyləyib və layihədə iştirak edəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, daha öncə Azərbaycan Memarlıq və İnşaat Univesritetində bu cür təqdimat həyata keçirilmişdi. IDEA İctimai Birliyindən verilən məlumata əsasən, layihə ilə bağlı digər universitetlərdə də təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan, ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaq.

Müsabiqədə 18-30 yaş arası şəxslər iştirak edə bilər. Bunun üçün 2014-cü il fevralın 1-dən martın 10-dək idea.day.az saytında qeydiyyatdan keçərək "eko ev" mövzusunda hazırlanmış eskizi ("jpg" formatında) qısa izahı ilə birgə yükləmək lazımdır. Martın 10-dan aprelin 10-dək Facebook sosial şəbəkəsində səsvermə yolu ilə 10 ən yaxşı eskiz seçiləcək. Ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, I yerin sahibi ölkə xaricində, ikinci yerin sahibi isə Azərbaycanda fəaliyyət göstərən böyük tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti