...

Bayrağımızı necə qoruyaq? (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2014 13:57 (UTC +04:00)
Bu gün Azərbaycanda hər hansı bir sahibkar istənilən əşyanı üzərinə dövlət bayrağımızın rəsmini yerləşdirməklə istehsal edə bilər və bununla bağlı demək olar ki, heç bir məhdudiyyət qoyulmayıb.
Bayrağımızı necə qoruyaq? (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycanda hər hansı bir sahibkar istənilən əşyanı üzərinə dövlət bayrağımızın rəsmini yerləşdirməklə istehsal edə bilər və bununla bağlı demək olar ki, heç bir məhdudiyyət qoyulmayıb. Problem ondadır ki, bəzi hallarda həmin məhsullar sonradan onu istifadə edən şəxs tərəfindən lazımsız əşya kimi çölə atılır. Nəticədə Azərbaycan dövlətinin atributlarından biri - həmişə ucalıqda olmağa layiq bayrağımız ayaqlar altında qalır.

"Azərbaycan Respublikasının dövlət bayrağı haqqında" qanuna görə, dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz. Eyni zamanda, bayrağımız oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Trend-ə bildirib ki, bu qurum dövlət bayrağının hansısa əşyalar üzərində rəsm kimi verilməsi məsələsinə müdaxilə etmir. Dövlət Komitəsi yalnız dövlət bayrağının standartların tələblərinə uyğunluq səviyyəsini, keyfiyyətini yoxlayır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Bəxtiyar Sadıqov isə Trend-ə bildirib ki, bayrağın rəsminin hansı əşyalar üzərində verilməsinin qanunvericiliklə dəqiqləşdirilməsinə ehtiyac yoxdur. Bununla yanaşı, bayradan istifadə halları ilə bağlı əlavə məhdudiyyətlərin qoyulmasına da ehtiyac görülmür.

Millət vəkili hesab edir ki, bayrağa hörmət hissini qanunvericilikdə hər hansı qadağaların qoyulması ilə yaratmaq olmaz. Bu sevgi insanların özlərinin daxilində olmalıdır: "Dövlət bayrağı hər bir vətəndaş üçün əziz olmalıdır. Biz yeni müstəqil ölkəyik. Biz gerbimizi sevməyə, himnimizi öyrənib oxumağa, sevməyə, dövlət bayrağına hörmət, ehtiramla yanaşmağa yeni alışırıq. Bu sevgi bizim qanımızda, canımızda olmalıdır. Hər şeyi qanuna salıb hər şeyi qanunun gücü ilə həll etdirmək cıxış yolu deyil. Qanunda belə bir maddə var ki, bayraq ayaqlar altında olmasın. Bu, özü artıq ona işarədir ki, bayraq ucalıqda, hamının hörmət etdiyi yerdə olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti