Azərbaycan, Bakı, 16 iyul /Trend/
Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) "Təcrübə elmlə qovuşur" mövzusunda Yay Akademiyası (IACSA) keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünyanın 40-dən artıq dövlətindən 80 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Əmir Ocaqverdiyev təmsil etmişdir.
Tədbirdə bir sıra beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, elm və araşdırma mərkəzlərinin professorları transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr söyləmişlər.
Kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünməklə praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.