Məlumat yenilənib (ilk xəbər 30 sentyabr saat 10:40-da yayılıb)
Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Elmir Murad/
Yay mövsümündə Azərbaycanın regionlarında 47 545 nəfər xarici turist istirahət edib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə bildirib ki, Azərbaycanın Quba-Xaçmaz, Dağlıq Şirvan, yəni Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Gəncə-Qazax və Masallı-Lənkəran regionları üzrə ümumilikdə 608 233 nəfər mehmanxana və mehmanxana tipli obyektlərdə istirahət edib.
O, qeyd edib ki, sözügedən regionlarda istirahət edənlərdən 47 545-i xarici, 560 688 nəfəri isə yerli turistlər olub: "Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,7% artım deməkdir".
Aparılan araşdırmalara görə, Quba-Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələr olub.
Qeyd edək ki, bu statistika bu il 1 iyun - 31 avqust tarixlərini əhatə edir.