...

Azərbaycanda 2355 gənc turizm sahəsi üçün mütəxəssis kimi hazırlanır (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2016 20:31 (UTC +04:00)
Turizm və Menecment Universitetinin 10 illik yubileyi qeyd olundu.
Azərbaycanda 2355 gənc turizm sahəsi üçün mütəxəssis kimi hazırlanır (FOTO)

Bakı. Trend:

Fevralın 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali məktəbin 10 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, turizm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə qonaqlar universitetin fəaliyyətini əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar.

Yubiley mərasimində çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov təhsil ocağının yaranması və ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edib. Bildirilib ki, 10 il zaman baxımından çox böyük bir dövr olmasa da, bu müddətdə təhsil ocağı böyük nailiyyətlər qazanıb. Azərbaycan Prezidentinin 2005-ci il 25 avqust tarixli fərmanı ilə təsdiq edilmiş tədbirlər planına əsasən, Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli qərarı ilə Azərbaycan Turizm İnstitutunun əsası qoyulub. Dövlət başçısının 2014-cü il 22 dekabr tarixli sərəncamı ilə institutun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Hazırda təhsil ocağında 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavr pilləsində 1747 nəfər, magistraturada 107 nəfər, doktoranturada 61 və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə məktəbində 12 ixtisas üzrə 440 nəfər tələbə təhsil alır. Ümumilikdə ATMU ailəsində 2355 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanır. Bu günədək universitetdən 1366 məzun olub, onlardan 124 nəfəri ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın IMC Tətbiqi Elmlər Universitetinin diplomunu da alıb. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, Azərbaycanı uğurla təmsil edirlər.

Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor bildiribki, ötən müddətdə 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilatla əlaqələr qurulub, təhsilin menecment istiqamətinin gücləndirilməsi ilə bağlı işlər sürətləndirilib.

C.Cəfərov çıxışının sonunda ATMU-nun kollektivi adından göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib. Göstərilən etimadı doğrultmaq, qarşıya qoyulmuş öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev ATMU-nun qazandığı uğurlardan danışaraq kollektivi təbrik edib. 10 ildə təhsil müəssisənin keçdiyi yola nəzər salan nazir böyük əhəmiyyət kəsb edən və gələcək üçün davamlı inkişaf proqramı olan bünövrəli bir tədris sisteminin yaradıldığını bildirdi: "Universitet fəaliyyəti dövründə əhəmiyyətli beynəlxalq layihələrə imza atıb. Bu təhsil ocağı Azərbaycanın beynəlxalq aləmə mənzərəsini açmaq üçün vacib təşkilatlardan biridir. Heç də təsadüfi deyil ki, bu universitet tələbələrə iki dövlətin təhsil sənədini verir. Bu addım turizm sahəsi ilə bərabər, Azərbaycan gəncliyinin ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsinə də şərait yaradır. Dünyanın müxtəlif yerlərində çalışan, təcrübə qazanan gənclər həm də bizim təcrübəmizi onlarla bölüşürlər. Biz dünyanın müxtəlif şəhərlərində öz tələbələrimizlə rastlaşanda böyük qürur hissi yaşayırıq. Təhsil ocağı gənclərimizin dünya təcrübəsinə yiyələnmələrinə imkan yaratdı".

Ə.Qarayev təhsil müəssisəsində tələbələrə yaradılan şəraitdən söz açıb: "Azərbaycanın turizm sənayesi insan faktoruna əsaslanmalıdır. Bu sahədə uğurla çalışan məzunlarımız ali vətəndaşlıq hissləri nümayiş etdirirlər".

Nazir qeyd edib ki, ATMU-nun nəzdində peşə məktəbinin fəaliyyət göstərməsi təkcə yüksəkixtisaslı kadrların deyil, turizm sənayesinin bütün sahələrini əhatə edən kadrların yetişdirilməsinə də şərait yaradır. Buna görə də hər bir gənc özü üçün müəyyən bir mövqe qazana, seçim edə bilir. Çünki burada muzey işi, regionşünaslıq və digər sahələri əhatə edən tədris sistemi var.

Ə.Qarayev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusuna toxunub. Bildirib ki, universitetin tələbələri "Eurovision" mahnı yarışması, "Baku-2015" ilk Avropa Oyunları və digər beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər. Nazir dünyada turizm sahəsində baş verən yeniliklərin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, bütün yeniliklərə uyğunlaşmaq, elektron xidmətlər, elektron turizm marketinqi xidmətlərindən istifadə etmək bugünün tələbidir: "Biz bu sahədə peşəkarlar hazırlamalıyıq. Artıq dünyada turizmdə təşkilatçılıq sistemi dəyişilib və bu gün turistlər turizm şirkətlərinin xətti ilə yanaşı, tamamilə yeni bir müstəvidə - virtual məkanda müstəqil olaraq qruplar təşkil edərək səfərlərə gedirlər. Demək buna uyğunlaşmaq, elektron sistem formalaşdırmaq lazımdır. Bunun üçün ciddi şəkildə elektron xidmətlərin və elektron turizm marketinqinin qurulması istiqamətində işlər aparılmalıdır. Marketinq, menecment sahəsində kadrların yetişdirilməsinə önəm verilməlidir".

Nazir diqqətə çatdırıb ki, 2016-cı ilin ölkə başçısı tərəfindən "Multikulturalizm ili" elan edilməsi Azərbaycan üçün önəmli bir hadisədir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun aprel ayında Bakıda keçirilməsi beynəlxalq mübadilə sahəsində də öz bəhrəsini verəcək.

Sonra nazir uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələsinə toxunub. Bildirib ki, turizm müəssisələri bu məsələyə diqqət yetirməlidir: "Sovet dövründə uşaqların və yeniyetmələrin asudə vaxtının təşkili üçün müxtəlif düşərgələr təşkil olunurdu. Məktəb şagirdləri başqa ölkələrə səyahətə gedirdilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq" layihəsi həyata keçirilməyə başlanıldı və bunun sayəsində uşaqlar Azərbaycanın bölgələrini yaxından tanımaq imkanı əldə etdilər. Bu layihəni daha da genişləndirmək və bütün imkanlardan istifadə etmək lazımdır. Eyni zamanda Azərbaycan turizminin təbliği məqsədilə dünya kinostudiyalarını ölkəmizdə çəkiliş aparmağa cəlb etmək lazımdır".

Nazir Ə.Qarayev çıxışının sonunda təhsil ocağının kollektivini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra universitetin 10 illik fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub. Sonda nümunəvi fəaliyyətlərinə görə universitetin bir qrup əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin və ATMU-nun fəxri fərmanları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti