...

Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilir

Cəmiyyət Materials 19 Fevral 2016 14:21 (UTC +04:00)
Fevralın 20-də Fairmont otelində ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransına (MilliMUN) start veriləcək.
Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilir

Bakı. Trend:

Fevralın 20-də Fairmont otelində ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransına (MilliMUN) start veriləcək.

Bu barədə Trend-ə Gənclər və İdman nazirliyindən məlumat verilib.

Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra - MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır.

BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər.

Bu istiqamətdə artıq bir sıra işlər görülmüş - ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilmiş, MUN klubları yaradılmış, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilmişdir. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılmışdır.

Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulyasiya ediləcək. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350 nəfər gəncin diplomat qismində iştirak etdiyi MilliMUN konfransında aşağıdakı mövzular müzakirə ediləcəkdir:

BMT Baş Assambleyası (UN GA) - "BMT sisteminin gücləndirilməsi və onun əsas institutlarının reforması"

BMT Təhlükəsizlik Şurası (UN SC) - "Dağlıq Qarabağ münaqişəsi"
YUNESKO (UNESCO) - "Müharibə və terrorist hücumları zamanı tarixi yer və mədəni irsin müdafiəsi"

BMT Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR) - "Qaçqın böhranı çağırışlarına davamlı həllərin yaradılması"

Beynəlxalq Kommunikasiya Ittifaqı (ITU) - "Fərdi rəqəmli məlumatların təhlükəsizliyinin təmin edilməsi"

Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçiblər.

Qeyd edək ki, hər komitənin "Ən yaxşı nümayəndə", "Ən yaxşı mövqe sənədi" və "Ən yaxşı debatçı"sı seçiləcəkdir. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Fevralın 23-də yekunlaşacaq Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında" imzalanmış Layihə Sənədi çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti