...

DSX-də Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 13:03 (UTC +04:00)
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Bakının Türkan qəsəbəsindəki qarnizonunda Novruz bayramı münasibətilə valideynlərin də iştirakı ilə bayram tədbiri keçirilib.
DSX-də Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Bakının Türkan qəsəbəsindəki qarnizonunda Novruz bayramı münasibətilə valideynlərin də iştirakı ilə bayram tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdən öncə Dövlət Sərhəd Xidmətinin əməkdaşları hərbi xidmət hərbi qulluqçularının valideynlərini qarnizonda yaradılan şəraitlə tanış ediblər.

Əvvəlcə valideynlər və hərbi qulluqçuların yaxınları əsgərlərin yataqxanası, yeməkxanası, dərs və istirahət otaqları ilə, sonra dənizdə gəmidə xidmətini davam etdirən hərbi qulluqçuların xidmət və istirahət şəraiti ilə tanış olublar.

Daha sonra qarnizonun Mədəniyyət Evində geniş bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidmətinin Sərhəd Mühafizəsinin rəisi general-mayor Əfqan Nağıyev sərhədçilərin vəzifələri və onlara xidmət üçün yaradılan şərait barədə məlumat verib. General-mayor ölkə sərhədlərinin etibarlı qorunduğunu, sərhədçilərin daim Vətənin keşiyində durduğunu, yorulmaz xidmət keçdiyini bildirib.

Qarnizonda sərhədçilərə yaradılan yüksək şəraitdən danışan DSX Sərhəd Mühafizəsiin rəisi sərhədçilərin yorulmaz xidməti üçün Dövlət Sərhəd Xidməti rəhbərliyinin tapşırığı və şəxsi nəzarəti ilə bütün tədbirlərin görüldüyünü bildirib.

Ə.Nağıyev sonda bütün sərhədçiləri və onların ailə üzvlərini Novruz bayramı münasibətilə təbrik edib.

Tədbirdə bildirilib ki, 2013-cü ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən bu tədbirlər artıq ənənəyə çevrilib. Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir və Yevlax qarnizonlarında "Validen günləri" təşkil edilib. Tədbirlərdə müddətli hərbi qulluqçular valideynləri ilə görüşüb.

Tədbirdə xidmətdə fərqlənən əsgərlər Fəxri fərman, "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanları və qiymətli hədiyyələrlə təltif edilib, valideynlərə təşəkkür məktubları təqdim edilib.

Daha sonra valideynlər əsgər yeməkxanasında xidmətdə olan sərhədçilərlə bayram naharı ediblər.

Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti