Bakı. İlhamə İsabalayeva - Trend:
İnsanlarımızın, xüsusilə uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
İnternetin, sosial şəbəkələrin həyatımıza ciddi surətdə müdaxilə etdiyini deyən deputat bunun bir çox hallarda mənfi nəticə verdiyini də vurğulayıb: "Özüm şahidi olmuşam: bu yaxınlarda bir neçə azyaşlı qız uşağı internetdə bir-biri ilə tanış olublar və sonra hamısı evlərindən qaçıb gedib. Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün olub. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar? Bu, bəlli deyil. Ona görə də insanlarımızın psixikasına zərər vuran halların qarşısının alınmasının qanunvericiliklə tənzimlənməsi çox vacibdir".
T.Rzayev bildirib ki, bu gün sosial şəbəkələr, bəzi saytlar və portallar, telekanallar da insanlara qəddarlıq, vəhşilik hissləri təbliğ, təlqin edirlər. Bu isə daha çox yetişməkdə olan nəslin, uşaqların və yeniyetmələrin şüuruna, tərbiyəsinə, fiziki sağlamlığına, psixikasına ciddi və mənfi təsir göstərir: "Vaxtilə belə bir adət-ənənə vardı ki, hansısa bir evə, elə-obaya bəd, qara xəbər gələndə həmin evin uşağını başqa kəndə, başqa yerə və ya qonşuya göndərərdilər. Çünki istəmirdilər ki, bu qara, bəd xəbər həmin uşağın psixikasına pis təsir göstərsin. Və yaxud ailədaxili məsələləri valideynlər, yaşlı adamlar öz aralarında həll edirdilər, uşaqları bu məsələlərdən uzaq tutardılar. Hətta ailənin ehtiyacını belə uşağa, övlada deməzdilər ki, ona pis təsir edər. Ancaq bu gün belə deyil, bunun tam əksidir".