...

Azərbaycan – parlayan göydələnlər ölkəsi (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2018 18:42 (UTC +04:00)
Yeni Zelandiyadan baxış
Azərbaycan – parlayan göydələnlər ölkəsi (FOTO)

Bakı. Trend:

Yeni Zelandiyanın nüfuzlu “Stuff” saytında ölkəmizə səfər etmiş jurnalist Eşli Stüartın Bakıya həsr olunmuş məqaləsi dərc edilib. Trend bu məqaləni bəzi ixtisarlarla təqdim edir:

Bakı ətrafında Xəzər sahilində kiçik restoranda oturarkən bu ölkəyə aşiq olmamaq mümkün deyil. Sizin keçmiş Sovet İttifaqı respublikalarından biri olan Azərbaycan və paytaxtı Bakı haqqında anlayışınız olmaya bilər. Amma burada siz Bakı səmasına yönəlmiş, hər kəsi heyrətləndirən şüşəli “Alov qüllələri” ilə tanış olacaqsınız. Aeroportdan şəhərə gələndə diqqəti ilk növbədə bu məşhur tikililər cəlb edir. Diod lampaları ilə bəzədilmiş bu binalar memarlıq möcüzəsi hesab oluna bilər. Siz görəcəksiniz ki, şəhərdə hətta yanacaqdoldurma məntəqələri müasir memarlıq tərzində tikilib.

İlk dəfə müstəqilliyini 1918-ci ildə elan etmiş Azərbaycan müsəlman dünyasında ilk demokratik dövlət oldu. 1920-ci ildə ölkə Sovet İttifaqına qatıldı. Müstəqilliyini yalnız 1991-ci ildə - Sovet İttifaqının dağılmasından bir neçə ay əvvəl bərpa edən Azərbaycan Sovet imperiyasının əsarətindən qurtula bildi.

Amma regionda heç də hər şey yaxşı deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında münasibətləri pozub.

Xoşbəxtlikdən, münaqişə Azərbaycanda turizmin inkişafına əngəl ola bilmədi. Ölkə turizm məkanına çevrildi. Bakının ətrafında yerləşən ətəklərdə, Abşeron yarımadasında uzun illər boyunca turistlərə heyranlıq bəxş etmiş Yanardağın möhtəşəm panoramasını görə bilərsiniz.

Burada həmçinin Formula 1 yarışları üzrə Azərbaycan Qran prisi keçirilib.

Bu gün sizin gördüyünüz Azərbaycan parlaq göydələnlər, təmiz küçələr, möcüzəvi memarlıq abidələri, o cümlədən Zaha Hadidin ərsəyə gətirdiyi memarlıq abidəsi ölkəsidir. Heç bir düz xətt olmadan tikilmiş, muzey və auditoriumun olduğu Heydər Əliyev Mərkəzi memarın ən yaxşı işlərindən biridir.

Bu ölkə dünya neft sənayesinin beşiklərindən hesab olunur. 1901-ci ilədək dünya neftinin yarısından çoxu Azərbaycanda hasil olunub. Çoxlu sayda neft buruqlarını bu gün də şəhərdə və onun ətrafında görmək olar.

Bakı özü-özlüyündə qədimlik və müasirliyin təkrarolunmaz vəhdətini əks etdirir. “Alov qüllələri”ndən bir qədər aralıda YUNESKO-nun Maddi mədəni irs siyahısına daxil edilmiş qədim İçərişəhər və Qız qalası ilə tanış olmaq olar.

Geniş dənizkənarı bulvarda siz Sidney opera binasını xatırladan və hazırda tikintisi başa çatmaqda olan “Xəzər Voterfront” əyləncə və ticarət mərkəzi və bükülmüş xalçanı xatırladan Xalça muzeyini görə bilərsiniz.

Şəhər kənarına getsəniz, atəşpərəstlərin məbədi, 18-ci əsrdə tikilmiş Atəşgahı və ya YUNESKO siyahısına daxil edilmiş Qobustan milli parkını görə bilərsiniz. Yüksək qayalarda 40 min ildən çox yaşı olan 6 mindən çox qayaüstü rəsmlər yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti