...

Xalq yazıçısı Anar Şabranda bəstəkar, rəssam və yazıçılar üçün salınacaq şəhərciyin Heydərabad adlandırılmasını təklif edib

Cəmiyyət Materials 2 Mart 2019 09:55 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Şabran rayonunda bəstəkar, rəssam və yazıçılar üçün salınacaq şəhərciyin Heydərabad adlandırılmasını təklif edib.
Xalq yazıçısı Anar Şabranda bəstəkar, rəssam və yazıçılar üçün salınacaq şəhərciyin Heydərabad adlandırılmasını təklif edib

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Şabran rayonunda bəstəkar, rəssam və yazıçılar üçün salınacaq şəhərciyin Heydərabad adlandırılmasını təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə A.Rzayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxış edib.

Xalq yazıçısı qeyd edib: "Cənab Prezident, mən, ilk növbədə, Sizə təşəkkür etmək istəyirəm ki, iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt ayırmısınız və bizimlə görüşürsünüz. Başqa yaradıcılıq təşkilatları kimi, Yazıçılar Birliyi də Sizin daim qayğınızı və diqqətinizi hiss edir. Yazıçılara – 50 nəfər yaşlı, 20 nəfər cavan yazıçıya Prezident təqaüdünün təyin olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi, Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin və müasir yazıçılarımızın yubileyləri bu qəbildən olan işlərdir. Siz bu ili Nəsiminin yubileyi ilə bağlı olaraq “Nəsimi ili” elan etmisiniz. Bu il Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının yubileyləri haqqında Sizin sərəncamlarınız var".

A.Rzayev, həmçinin Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarının da səliqəyə salınmasını və Bakıda heykəlinin ucaldılmasını təklif edib: "Çünki Nizami Muzeyinin eyvanında bizim yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən Mirzə Cəlilin də. Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar.

Dekabr ayında Siz məni qəbul etdiniz və mən Yazıçılar Birliyinin bir çox təkliflərini, xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin göstərişlərinizlə bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək".

Yazıçılar Birliyi sədrinin sözlərinə görə, daha böyük və şad bir xəbər odur ki, bir neçə il bundan qabaq Prezident İlham Əliyevin təşəbbüsü ilə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı: "Mən bir daha bunu Sizdən xahiş etdim və Siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir. Dünən mən Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışdım, dedi ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq. Mən Sizə həm Yazıçılar Birliyi adından, həm də icazələri ilə bizim Rəssamlar və Bəstəkarlar ittifaqlarının adından təşəkkürümü bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik yaranacaq".

A.Rzayev daha bir təklif də irəli sürüb: "Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər.

Mənim bir neçə təklifim də var. İstəyirəm onları da bu gün fürsət var ikən Sizə çatdırım. Ədəbiyyatımızın xaricdə təbliği ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bilirsiniz, ispanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür. Biz də belə bir Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik.

Nəhayət, son təklifim odur ki, cənab Prezident, mən çox istərdim, heç olmasa ildə bir dəfə Sizinlə bu formatda görüşək. Bir də əgər mümkündürsə, Mehriban xanımın yanında ziyalıların məşvərət şurasını yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni hadisələr haqqında söhbətlər edək. Mən bu təkliflərimi yazılı şəkildə Sizə təqdim edirəm, bir hissəsi həyata keçsə, çox şad olaram, hamısı keçsə isə daha da şad olaram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti