...

“Təbiət üçün SOS” adlı yay məktəbinin iştirakçıları Dövlət Dəniz Agentliyində olub

Cəmiyyət Materials 6 Avqust 2021 10:33 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Litva Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Təbiət üçün SOS” adlı yay məktəbi çərçivəsində növbəti tədbir keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, maarifləndirmə xarakterli tədbirdə respublikanın müxtəlif təhsil ocaqlarından 12-15 yaş qrupu üzrə məktəblilər iştirak edib.

Məktəblilər Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub. Burada onlara gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, naviqasiya xəbərdarlıqlarına, hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, həmçinin "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının aidiyyəti dövlət qurumlarına ötürülməsinin təmin edilməsi ilə bağlı məlumatlar verilib.

Şagirdlərin diqqətinə çatdırılb ki, Agentliyin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi Xəzəryanı ölkələr arasında ilk dəfə məhz ölkəmizdə yaradılmış yeganə mərkəzdir ki, burada istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin olunur.

Tədbir zamanı məktəblilərə Beynəlxalq Dəniz Təşkilatının (BDT) fəaliyyətinə dair məlumat verilib, Azərbaycan Respublikasının 1995-ci ildən adıçəkilən Təşkilatın üzvü olması və keçən bu müddət ərzində 20-dən çox beynəlxalq konvensiya, protokola qoşulması qeyd edilib. Eləcə də təşkilatın əsas fəaliyyət istiqamətlərindən birinin dəniz mühitinin mühafizəsinə yönəldiyini və bu sahədə “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Konvensiya”nın (MARPOL), “Gəmi Ballast Sularına və Çöküntülərinə Nəzarət və Onların İdarə Edilməsi üzrə Beynəlxalq Konvensiya”nın (BWM) qəbul olunması kimi bir sıra mühüm işlərin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məktəblilərə BDT-nin uşaqlar üçün hazırladığı internet səhifəsi barədə məlumat verilib, dəniz mühitinin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması sahəsində öz biliklərini artırmaq məqsədilə təqdim olunan məlumatlardan yararlanmaq tövsiyyə olunub.

Tədbir zamanı həvəskar ekoloqlara dəniz mühitinin neft qarışıqlı tullantılar, zərərli maye maddələr, çirkab sular, zibil tullantıları, havanın gəmilərdən çirkləndirilməsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilərək, BDT tərəfindən müvafiq mövzuda hazırlanan animasiya filmi nümayiş etdirilib. Vurğulanıb ki, BDT tərəfindən biomüxtəliflik baxımından zəngin və həssas ərazilərə “xüsusi ərazilər” statusunun verilməsi, həmçinin sözügedən ərazilərdə istismar olunan gəmilərdə dəniz mühitinin mühafizəsi baxımından daha sərt tələblərin tətbiq edilməsi barədə qərarlar qəbul edilib.

Həmçinin, gəmilərin hərəkəti zamanı yaranan səs-küyün dəniz biomüxtəlifliyinə təsirindən və aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Bununla yanaşı, gəmilərin ballast suları ilə yad (invaziv) növlərin daşınması barədə məlumat verilmiş, Xəzər dənizinə bu yolla gətirilmiş Mnemiopsis laidyi və onun Xəzərin biomüxtəlifliyinə vurduğu ziyan barədə danışılıb. Bu mövzuda BBC Worldwide və BDT tərəfindən hazırlanan “Dənizdən gələn işğalçılar” filmindən fraqmentlər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti