Bakı. Trend:
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan sənədlərinin imzalanma mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat
verilib.
Qeyd edilib ki, protokola əsasən, tərəflər hər il bakalavriat
proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər,
doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili
və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi
həyata keçirməyi planlaşdırır. Qazaxıstan tərəfi informasiya və
kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti
sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət
və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya,
biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat
(tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə
götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə
3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat
və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1
nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə
2 nəfərin təhsilini təşkil edəcək.
Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin və Qazaxıstan
Respublikasının ali (və ya) ali təhsildən sonrakı təhsil
müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün
səyləri göstərəcək.