Bakı. Trend:
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən və “Baku Steel Company” QSC-nin dəstəyi ilə keçiriən “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələrinin açıqlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə ucaldılmış Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını ifadə ediblər.
UNEC TMİƏT şöbəsinin müdiri, tədbirin moderatoru Rəna Hüseynova açılışda çıxış edərək, elmi müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC ili” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.
Sonra UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev müsabiqənin məqsədi barədə məlumat verib. Bildirib ki, müsabiqə ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətini, doktorant, magistr və tələbələri Qarabağın iqtisadi quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, yaşıl enerji infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasına təşviq etmək məqsədilə keçirilib.
O, müsabiqədə elmi istiqamətlərin COP29 kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Təqdim olunan məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın yaşıl iqtisadiyyat və yaşıl enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələri ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həlli yollarının aktuallıq təşkil etdiyini diqqətə çatdırıb.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev müsabiqənin əhəmiyyətindən danışaraq, ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından müsabiqəyə 90-a yaxın məqalənin daxil olduğunu bildirib. O, məqalələr toplusunun e-kitab formatında hazırlanacağını və UNEC-in elektron resurslarında yerləşdiriləcəyini qeyd edib.
Tədbirdə iştrak edən millət vəkilləri Vüqar Bayramlı və Tural Gəncəliyev UNEC-də elmi istiqamətdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirərək, bu cür müsabiqələrin tələbələrin və gənc alimlərin elmi fəaliyyətə marağını artırdığını və onların elmi mühitlə tanış olmasına şərait yaratdığını bildiriblər. Həmçinin müsabiqədə əldə olunan nəticələrin Qarabağda ekoloji tarazlığın bərpası və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
“Baku Steel Company” QSC-nin nümayəndəsi Şeyla Hacıyeva isə universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyindən, gənclərin elmi tədqiqatlara cəlb olunmasının stimullaşdırılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə müsabiqəyə həsr olunan videoçarx nümayiş olunub.
Sonda müsabiqədə hər nominasiya üzrə ilk 3 yerə layiq görülən qaliblərə pul mükafatları verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.