Bakı. Trend:
Qırmızı qan hüceyrəsinin əsas funksiyası oksigenin ağciyərdən toxumalara daşımaqdır. Qan azlığı zamanı bu funksiya tam təmin edilmədiyi üçün toxumaların qidalanma və oksigenizasiyası yetərli olmur. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Trend Ş.Şabanova ilə müsahibəni təqdim edir:
- Şəhla xanım, payız-qış mövsümündə hansı meyvə-tərəvəzlə qan azlığını aradan qaldırmaq olar?
- Bildiyimiz kimi, bir çox vitamin və mikroelementlər qan
yaranmada aktiv iştirak edir. Bu vitamin və mikroelementlərdən ən
vacibləri dəmir elementi, sianokobolamin (vitamin B12) və Fol
turşusudur (vitamin B9). Təbiətdə bunların hər biri bitki və
heyvani mənşəli qidalarda rast gəlinir.
Əlbəttə ki, hər bir meyvə-tərəvəz öz mövsümünə uyğun olaraq
istifadə edilməlidir.
- Dəmir mikroelementinin orqanizm üçün nə kimi faydası var?
- Bildiyiniz kimi, qana qırmızı rəng verən hüceyrə eritrosit və onun tərkibindəki hemoqlobin zülalıdır. Bədənimizdəki dəmir miqdarının təxminən 2/3-si hemoqlobinin tərkibindədir. Yəni, dəmirin çatışmazlığı ilə hemoqlobin azlığı bir başa əlaqəlidir. Dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı (anemiya) izlənilə bilər.
Bu səbəbdən erkən yorulma, təngnəfəslik, halsızlıq, baş
gicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması,
saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması
və s. kimi şikayətlər izlənilə bilər. Şikayətlər mütəxəssis həkim
tərəfindən dinlənilərək, anemiya müayinəsi ilə tamamlanmalıdır.
Müalicə həm medikamentoz, həm də duzgün qidalanma ilə aparılır.
Duzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdə
tutulur.
Dəmirlə ən çox zəngin qida məhsulu əsasən qırmızı ət, yumurta, quru
meyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanik
meyvələr, tut bəhməzi, qarabaşaq hesab olunur. Qan yaranmada rol
oynayan dəmir bioyararlığına görə heyvani və bitki tərkibli dəmirə
ayrılır. Heme dəmiri və ya heyvan mənşəli dəmirə üstünlük verilir,
çünki bədən tərəfindən asanlıqla sorulur. Nə qədər mövsumi
meyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəli
qidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həm
meyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir.
Həmçinin, B12 vitaminin çatışmazlığı da qanazlığı yarada bilər.
Vitamin B12 və Fol turşusu çatışmazlığı zamanı Meqaloblastik
dediyimiz qan azlığı yaranır. Bundan əlavə, B12 vitamini DNT
sintezində, sinir sisteminin doğru işləməsində orqanizm üçün vacib
rol oynayır. Onun çatışmazlığı qan azlığı ilə birgə, immun
sisteminin zəifləməsi, metobolizma pozğuluğu, nevroloji və
psixoloji dəyişikliklər yarada bilər.
B12 vitamini daha çox heyvani mənşəli qidalarda rast gəlinir. Ət,
balıq, yumurta, süd və süd məhsulları bu vitaminlə zəngin qida
vasitələridir. Taxıl məhsulları, bitki südləri, soya və badam südü
də B12 vitamini ilə zəngin hesab edilir.
Fol turşusu qan yaranmada vacib rol oynayan vitaminlərdəndir. O,
DNT sintezində, qırmızı qan hüceyrələrin yaranma və çoxalmasında
iştirak edir. Embrional dövrdə ilk yaranan sistemlərdən biri sinir
sistemidir ki, fol turşusu sinir sisteminin yaranmasında önəmli rol
oynayır. Hamiləlik dövründə yetərlı fol turşusunun qəbulu olmazsa,
“Spina Bifida” dediyimiz problem, yəni ana bətnindəki dölün onurğa
kanalının tam bağlanmaması izlənilir. Məhz bu səbəbdən, hamiləlik
planlaşdıran xanımlara hamiləlik öncəsi bir neçə ay və hamiləliyin
ilk 3 ayı fol turşusu təyin edilir.
Təbii yolla fol turşusu ilə zəngin yeyəcəklər əsasən bitki tərkibli
olur. Məsələn, kahı, göy soğan, cəfəri, yaşıl lobya, yaşıl mərci.
Fol defisiti izlənilən şəxslərdə bu yeyəcəkləri qida rasionuna
mütləq əlavə edilməsi məsləhət görülür.
- Qeyri-sağlam qidalanma qan azlığı yarada bilərmi?
- Balanslaşdırılan qidalanma sağlam yaşamın ilk təməl
daşlarındandır. Balanslaşdırılan qidalanma dedikdə, zülal,
karbohidrat, yağ tərkibli, eləcə də vitamin və mineral ehtiyacını
qarşılayan qidalanma nəzərdə tutulur.
Sağlam qidalanma immun sistemi gücləndirir, bir çox xəstəliyin
qarşısını alır. Bu səbəbdən də kiçik yaşlardan etibarən gündəlik
qidalanma vərdişlərinə fikir vermək və sağlam qidalanmağı vərdiş
halına salmaq vacibdir. Qeyri-sağlam qidalanma zamanı orqanizm
gərəkli vitamin, mineral, zülal və digər vacib qidalarla təmin
olunmur.
Bəzən isə düzgün qidalanmama dedikdə, yanlış qida tərzi nəzərdə
tutulur. Məsələn, bir çox qida məhsulları var ki, bunları dəmirlə
zəngin qidalarla birgə istifadəsi dəmirin mədə-bağırsaqdan
sorulmasını azaldaraq, dəmir defisitli anemiyaya səbəb olur.
Dəmirlə zəngin qida məhsulunu kəpəkli qidalar, qara çay, qəhvə ilə
birgə qəbulu zamanı dəmirin sorulması ləngiyir. Ona görə, qeyd
edilən məhsulların yeməkdən 2 saat sonra qəbulu tövsiyə edilir.
- Qan azlığının immunitetə təsiri varmı?
- İmmun sistemin əsas funksiyası orqanizmi yad cisimlərdən
qorumaq, mikroorqanizmləri məhv edərək, yayılmasının qarşısını
almaqdır.
İmmun sistemin vacib xüsusiyyətlərindən biri də minlərlə fərqli
mikroorqanizmi tanıyıb ayırd etməsidir. İmmun sistemin sağlam
fəaliyyət göstərməsi üçün qida vasitələri kimi bir çox tövsiyələr
var.
Diqqət alınacaq hal sağlam qidalanmama zamanı immun sistemin
zəifləməsidir. Karbohidratlarla zəngin və zülalla zəngin olmayan
qidalanma, artıq çəki və ya yorğunluq immun sistemini zəiflədir.
Uşaq vaxtından davam edən qan azlığı, düzgün qidalanmama yenə də
immuniteti zəiflədən nüanslardandır. Düzgün qidalanma və həyat
rejimi, fiziki aktivlik, yuxu rejiminə diqqət etmək immun sistemə
təsir edən faktorlardan hesab edilir.
- Doktor, ildə neçə dəfə qan müayinəsi üçün hematoloqa müraciət edilməlidir?
- Hemoqram (yəni, qanın ümumi analizi) qanda olan qırmızı qan
hüceyrəsi (eritrosit), ağ qan hüceyrəsi (leykosit), qan
lövhəcikləri olan trombositlərin miqdarını göstərən sadə
testdir.
Müasir zamanda tibbin inkişafı ilə bağlı qanın umumi analizində ən
azı 28 parametr baxıla bilir. Bu da böyük üstünlüklər yaradır.
Qanın ümumi analizini təhlil edərkən, pasientdə ilkin vəziyyət
qabaqcadan görülür. Belə ki, şəxsdə qan azlığı varsa, onun hansı
növü təxmin edilir. Qan azlığını hemoglobin, eritrosit, hemotokrit
dəyərlərinin normadan aşağı olması ilə izlənilir.
Digər hemoqramdaki vacib parametr orqanizmi müdafiə edən ağ qan
hüceyrəsidir. O, leykosit və bu ailəyə daxil qan hüceyrələrin az və
ya çox olması orqanizmdə immun vəziyyəti, allergik halı, qanın
sistemik xəstəliyin olub-olmaması haqqında ilkin təxmin
yaradır.
Bundan başqa, qan trombositləri (trombosit hüceyrələri) qanamada
rol oynayan vacib hüceyrələrdir. Hemoqramda bu hüceyrələrin normal
sərhəddən az və ya çoxluğu qan xəstəliyi barədə ilkin
siqnaldır.
Qanın ümumi analizi ilkin testdir. Bir tək qanın ümumi analizi ilə
hansı tərəfə istiqamət alınmalı və ya şəxsin praktik sağlam olması
barədə ilkin fikirləri formalaşır.
Hər bir sağlam insan ildə iki dəfə həkim müayinəsindən keçməlidir.
İlk öncə hemoqram testindən keçməlidir. Qanın ümumi analizi
damardan qan alınıb qablaşdırılaraq, cihaz vasitətilə incələnir.
Təxminən 1-2 saat ərzində nəticə hazır olur. İstər götürülmə
mexanizmi, istərsə də cavabın tez əldə edilməsi asan olan bu test
ilə bir çox xəstəliyi əvvəlcədən təxmin etmək mümkündür. Bu
səbəbdən də ildə 1-2 dəfə hemoqram testi ilə hematoloq müayinəsi
arzuolunandır.