Bakı. Trend:
Azərbaycanın Fransadakı Səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən danışıb. Diplomat bildirib ki, 20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi, milli yaddaşımıza həkk olunmuş faciəvi və eyni zamanda qəhrəmanlıq dolu gündür. Həmin gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədildi, onlarla günahsız insan həlak oldu, yüzlərlə şəxs yaralandı.
Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi. Əksinə, bu faciə milli birliyi gücləndirdi, müstəqillik ideyasını daha da möhkəmləndirdi. Tankların və silahların qarşısına əliyalın çıxan insanlar azadlıq uğrunda canlarını fəda edərək tarix yazdılar və gələcək müstəqil dövlətin təməlini qoydular.
Səfir L. Abdullayeva vurğulayıb ki, 20 Yanvar faciəsi yalnız matəm günü deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinə aparan yolun başlanğıcıdır. Məhz bu yol 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə tarixi Zəfərə gətirib çıxardı. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi və xalqın 30 illik ədalət, suverenlik arzusu gerçəkləşdi.
Diplomat qeyd edib ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra bölgədə yeni reallıqlar formalaşıb və sülh gündəliyi ön plana çıxıb. Hazırda Azərbaycan və qonşu Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar gedir. Mövcud siyasi iradə və diplomatik təmaslar fonunda sülh müqaviləsinin bu il imzalanacağına ümid edilir. Bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm mərhələ ola bilər.
“Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canını fəda etmiş bütün qəhrəmanların xatirəsi üzərində ucalır. Onların fədakarlığı heç vaxt unudulmayacaq, Azərbaycan tarixi boyunca azadlıq və qürur simvolu olaraq yaşayacaq”,-deyə diplomat bildirib.
Sonra Azərbaycanın Dostları Assosiasiyasının (ADA) yeni prezidenti Jerom Begən çıxış edib. O, ADA və onun fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan mədəniyyətinin təşviqinin və üzvlərin sayının artırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, tədbirdən əvvəl Səfirliyin Mədəniyyət Mərkəzində ADA-nın illik iclası keçirilib. ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber və baş katibi Mirvari Fətəliyeva illik hesabatı və cari il üçün nəzərdə tutulmuş proqram və layihələri təqdim ediblər. İclasda Assosiasiyasının idarə heyətinin 16 üzvündən Jerom Begən ADA-nın prezidenti vəzifəsinə seçilib. Həmçinin, ADA-nın 3 il müddətinə yeni vitse prezidentləri və baş katibi seçilib.
Tədbirin sonunda Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Prezident mükafatçısı, Tərəqqi medalı laureatı, Beynəlxalq Müsabiqələr qalibi, dosent, tarzən Sahib Paşazadə, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə və beynəlxalq müsabiqələr laureatı, Parma Arrigo Boito konservatoriyasının məzunu Sona İsgəndərli (soprano) Azərbaycan və Avropa bəstəkarlarının musiqilərini səsləndiriblər.
