Bakı. Trend:
Azərbaycan xalqının tarixi yaddaşına istiqlaliyyətə gedən yol,
milli qürur və mübarizə günü kimi əbədi həkk olunan 20 Yanvar
hadisələrindən 36 il ötür.
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar
hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını
ziyarət edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və
suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz
xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları
üzərinə gül dəstələri qoyulub.
1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq
uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu
tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin
müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Azadlığa gedən yolda
həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları
ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə
yazıblar.
20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.
1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ
Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın
çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.
20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb,
şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
